Tbilisidə quldurluq, oğurluq və kibercinayətkarlıqda şübhəli bilinən 4 azyaşlı saxlanılıb
Tbilisidə bir neçə cinayət faktı ilə bağlı azyaşlılar saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazirliyin Tbilisi Polis Departamentinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə baş idarəsinin əməkdaşları müxtəlif vaxtlarda qrup halında zor tətbiq etməklə törədilən quldurluq, oğurluq və kompüter məlumatlarına müdaxilə ittihamı ilə 4 azyaşlını saxlayıblar.
İstintaqla müəyyən edilib ki, azyaşlılar əvvəlcədən razılaşaraq, qrup şəklində Tbilisidə yerləşən ərzaq mağazalarına və aptek şəbəkələrinə daxil olaraq məhsulları və pul vəsaitlərini qanunsuz mənimsəyiblər.
Bildirilib ki, onların cinayət əməlləri nəticəsində müxtəlif ticarət obyektlərinə ümumilikdə 30 min lariyə qədər maliyyə ziyanı dəyib.
Araşdırmalar zamanı həmçinin müəyyən olunub ki, təqsirləndirilən şəxslərdən biri zor tətbiq etməklə taksi sürücüsünü də qarət edib və onun əşyalarını, o cümlədən bank kartlarını ələ keçirib. Azyaşlı həmin kartlardan maddi gəlir əldə etmək məqsədilə müxtəlif ticarət obyektlərində istifadə edib.
Həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində dörd azyaşlı hakim qərarı əsasında saxlanılıb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə aparılır ki, bu da 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


