25 
Apr
2026
14:12
596

Bolnisidə Darvaz dərəsində ağır texnikanın fəaliyyəti narahatlıq doğurur – yerli sakinlər izahat tələb edir

Bolnisi bələdiyyəsinin Darvaz dərəsi ərazisində aparılan işlər yerli əhali arasında narahatlıq yaradıb.

InterPress.ge xəbər verir ki, bu barədə “Salam” platformasının üzvü Rabil İsmayıl sosial şəbəkədə məlumat paylaşıb.

Onun sözlərinə görə, artıq bir həftədən çoxdur ki, Darvaz dərəsi yaxınlığındakı dağlıq ərazidə ağır texnika işləyir. Lakin baş verənlərlə bağlı heç bir rəsmi qurum tərəfindən əhaliyə məlumat verilməyib.

İsmayıl qeyd edib ki, nə yerli bələdiyyə, nə müvafiq nazirliklər, nə də digər dövlət nümayəndələri görülən işlərlə bağlı açıqlama verib.

Yerli sakinlər ehtimal edir ki, ərazidə aparılan işlər hazırlıq xarakteri daşıyır və burada qızıl, gümüş və ya digər qiymətli metal və daş yataqlarının istismarı planlaşdırıla bilər.

Paylaşımda bildirilir ki, əgər görülən işlər ictimai fayda daşısaydı, bu barədə rəsmi qurumlar tərəfindən geniş məlumatlandırma aparılardı. Əksinə, məlumatın gizli saxlanılması narazılıq yaradır və qanun pozuntusu kimi qiymətləndirilir.

Rabil İsmayıl əlavə edib ki, son 15 ildə Bolnisi bələdiyyəsinin təbii resursları, tarixi abidələri və su mənbələri ciddi zərər görüb və hazırkı vəziyyətin də oxşar layihələrin davamı ola biləcəyi istisna edilmir.

Onun sözlərinə görə, Darvaz dərəsi ərazisinə daxil olan Darvaz, Dəmirli, Sərimmədli, Aşağı Gülaver, Yuxarı Gülaver və Babakişilər kəndlərini əhatə edən coğrafiya potensial təhlükə altındadır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər