Gürcüstanda elektrik enerjisinin verilişi bərpa olunur – Ölkə üzrə təchizat yaxın vaxtlarda tam bərpa ediləcək
Gürcüstanda baş vermiş genişmiqyaslı elektrik kəsintisindən sonra ölkə üzrə enerji təchizatının bərpasına başlanılıb. Hazırda elektrik enerjisinin verilişi qismən bərpa olunub və yaxın vaxtlarda bütün ölkə üzrə tam bərpa ediləcəyi bildirilib.
InterPress.ge xəbər verir ki, bu barədə "Gürcüstan Dövlət Elektrik Sistemi" məlumat yayıb. Qurumun açıqlamasına görə, 24–25 iyul tarixlərində baş vermiş sistem qəzalarından sonra Enguri SES-də müəyyən texniki işlər aparılırdı.
Bildirilib ki, stansiyanın müvafiq avadanlıqlarının yoxlanılması məqsədilə elektrik sisteminin nominal tezlikdən fərqli tezliklərdə izolyasiya olunmuş rejimdə işləməsi zəruri olub. Məhz bu proses ölkə üzrə elektrik enerjisinin müvəqqəti kəsilməsinə səbəb olub.
Qurumun məlumatına görə, hadisədən dərhal sonra enerji təchizatının bərpası üçün bütün zəruri tədbirlər həyata keçirilib və nəticədə hazırda ölkənin bir hissəsində elektrik enerjisinin verilişi artıq bərpa olunub.
Açıqlamada qeyd olunur ki, yaxın vaxtlarda Gürcüstanın bütün ərazisində elektrik enerjisinin təchizatı tam şəkildə bərpa ediləcək.


