Sürücülərin nəzərinə - bu cərimələr artırılır
Gürcüstan parlamenti Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış qanunvericilik dəyişiklikləri paketini üçüncü oxunuşda qəbul edib. Dəyişikliklərə əsasən, yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyət sərtləşdirilir və mövcud sanksiyalar artırılır.
InterPress.ge xəbər verir ki, “İnzibati Xətalar Məcəlləsi”nə edilən dəyişikliklər 84 səslə yekdilliklə qəbul olunub.
Qanunvericilik dəyişikliklərinə əsasən, bir sıra pozuntular üzrə cərimələr artırılır. Belə ki, avtomobilin yolda manevr qaydalarının pozulmasına görə cərimə 100 lariyə qədər artırılır və sürücülük vəsiqəsində 20 bal silinəcək. Sürətin 15 km/saatdan çox, lakin 40 km/saatdan artıq olmamaqla aşılmasına görə cərimə 50-dən 100 lariyə qədər yüksəldilir.
Avtomobildə hərəkət zamanı təhlükəsizlik kəmərindən istifadə etməməyə görə cərimə 50 lariyə çatdırılır və sürücülük vəsiqəsindən 10 bal silinəcək. Sükan arxasında mobil telefondan istifadəyə görə də cərimə 50 lariyə qədər artırılır.
Dayanma və durma qaydalarının pozulmasına görə cərimə Tbilisi ilə yanaşı Kutaisi, Batumi, Mçxeta, Rustavi, Qori, Telavi, Poti, Zuqdidi, Axaltsixe, Ozurgeti və kurort zonalarında 50 lariyə qədər artırılır. Eyni qayda M3, N2, N3 və T kateqoriyalı nəqliyyat vasitələrinə də şamil edilir.
"Drift” zamanı yüngül xəsarət halı baş verdikdə, 500 lari cərimə ilə yanaşı, sürücülük hüququ 6 ay müddətinə dayandırılacaq.
Yol hərəkəti qaydalarının təkrar pozulması nəticəsində qəza şəraiti və ya tıxac yaranarsa, 300 lari cərimə və sürücülük vəsiqəsindən 30 bal silinməsi tətbiq olunacaq.
Tbilisidə N2 və N3 kateqoriyalı yük avtomobillərinin ümumi istifadədə olan yollarda, əgər daşınmanın təyinat məntəqəsi Tbilisi deyilsə, hərəkətinə görə 500 lari cərimə tətbiq ediləcək.
Yeni qaydalara əsasən, avtomobilin səkidə və ya piyada keçidində saxlanılması yeni inzibati xəta hesab ediləcək. Bu halda iri şəhərlərdə cərimə 100 lari, digər bələdiyyələrdə isə 10 lari olacaq. Səkidə hərəkətə görə isə 200 lari cərimə və 30 balın silinməsi nəzərdə tutulur.
Həmçinin “yanğın hidrantı yaxınlığında dayanmaq qadağandır” adlı yeni qadağanedici nişan tətbiq edilir. Bu qaydanın pozulması 200 lari cərimə və avtomobilin xüsusi dayanacağa aparılması ilə nəticələnə bilər.
BUS LANE ilə bağlı qaydalar da sərtləşdirilir. Marşrut nəqliyyatı istisna olmaqla, bu zolaqda hərəkət 100 lari cərimə ilə yanaşı 15 balın silinməsi ilə nəticələnəcək, təkrar halında isə 150 lari cərimə və 30 bal silinəcək. Əks istiqamətdə yerləşən BUS LANE-də (avtobus zolaqlarında) hərəkət, dayanma və durma isə 200 lari cərimə və 20 balın silinməsi ilə, təkrar halda isə 300 lari və 30 balın silinməsi ilə cəzalandırılacaq.
Daxili İşlər Nazirliyinin məlumatına görə, son illərdə nəqliyyat vasitələrinin sayının artması fonunda yol təhlükəsizliyi hələ də ciddi problem olaraq qalır. Bildirilib ki, 2025-ci ildə Gürcüstanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində 469 nəfər həyatını itirib, 8191 nəfər isə xəsarət alıb. Qəzaların əsas səbəbləri qarşı zolağa çıxma və manevr qaydalarının pozulması olub.
DİN-in müavini Aleksandre Daraxvelidze parlamentdə çıxışı zamanı qeyd edib ki, 2025-ci ildə sürət həddinin aşılmasına görə 1,7 milyondan çox inzibati cərimə tətbiq edilib və bu statistika dəyişikliklərin zəruriliyini ortaya qoyur.
Qanun dəyişiklikləri 2026-cı il mayın 1-dən qüvvəyə minəcək.


