01 
May
2026
11:21
357

Gürcüstanda yol hərəkəti qaydaları sərtləşdirildi – yeni cərimələr qüvvəyə minib

Gürcüstanda yol hərəkəti qaydaları ilə bağlı bir sıra qanunvericilik dəyişiklikləri qüvvəyə minib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, son illərdə nəqliyyat vasitələrinin sayının artması və mobilliyin yüksəlməsi fonunda yol təhlükəsizliyi hələ də ciddi çağırış olaraq qalır. Bildirilir ki, təkcə 2025-ci ildə ölkədə baş verən yol-nəqliyyat hadisələri nəticəsində 469 nəfər həyatını itirib, 8 191 nəfər isə xəsarət alıb.

Nazirliyin açıqlamasına əsasən, tətbiq olunan dəyişikliklər yol qəzalarının əsas səbəblərinin kompleks təhlili və yüksək ölüm göstəriciləri nəzərə alınaraq hazırlanıb.

Yeni qaydalara görə, bir sıra pozuntular üzrə cərimələr artırılıb və əlavə məhdudiyyətlər müəyyən edilib. Belə ki, yol hərəkəti zamanı manevr qaydalarının pozulmasına görə cərimə 100 lariyə qədər yüksəldilib və sürücülük vəsiqəsində 20 balın silinməsi nəzərdə tutulur. Sürətin 15 km/saatdan artıq, lakin 40 km/saatdan çox olmamaq şərti ilə aşılmasına görə cərimə 50-dən 100 lariyə qədər müəyyən edilib.

Avtomobildə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü və sərnişinlər üçün cərimə 50 lariyə qaldırılıb, eyni zamanda sürücünün bal sistemi 10 bal azalacaq. Sükan arxasında mobil telefondan istifadə edən sürücülər də 50 lari məbləğində cərimə olunacaqlar.

Dayanma və durma qaydalarının pozulmasına görə cərimələr Tbilisi ilə yanaşı Kutaisi, Batumi, Mçxeta, Rustavi, Qori, Telavi, Poti, Zuqdidi, Axalsixe, Ozurgeti və ölkənin kurort zonalarında da 50 lariyə qədər artırılıb.

Yeni dəyişikliklərə əsasən, “drift” zamanı əmlaka və ya insan sağlamlığına yüngül zərər vurulması 500 lari cərimə ilə yanaşı, 6 ay müddətinə sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olacaq. Təkrar qayda pozuntusu isə 300 lari cərimə və 30 balın silinməsi ilə nəticələnəcək.

Bundan əlavə, nəqliyyat vasitəsinin səki və ya piyada keçidində saxlanılması yeni inzibati xəta kimi müəyyən edilib. Bu pozuntu iri şəhərlərdə 100 lari, digər bələdiyyələrdə isə 10 lari məbləğində cərimə ilə nəticələnəcək. Səki üzərində avtomobil idarə edən şəxslər isə 200 lari cərimə olunacaq və onların sürücülük vəsiqəsindən 30 bal silinəcək.

Qanunvericiliyə yeni qadağanedici nişan – “yanğın hidrantı yanında dayanmaq qadağandır” işarəsi də əlavə olunub. Bu tələbin pozulması 200 lari cərimə və nəqliyyat vasitəsinin xüsusi mühafizə olunan dayanacağa aparılması ilə nəticələnə bilər.

Həmçinin “BUS LANE” zolaqları ilə bağlı qaydalar sərtləşdirilib. Bu zolaqda hərəkətə görə mövcud 100 lari cərimə ilə yanaşı, əlavə olaraq 15 bal silinəcək. Təkrar pozuntu halında isə cərimə 150 lariyə, silinən bal isə 30-a qədər artırılacaq. Əks istiqamətdə yerləşən “BUS LANE” zolağında hərəkət, dayanma və durma isə 200 lari cərimə və 20 balın silinməsi ilə nəticələnəcək, təkrar hal üçün isə 300 lari və 30 bal nəzərdə tutulur.

Daxili İşlər Nazirliyi bildirir ki, bu dəyişikliklərin əsas məqsədi yol hərəkəti təhlükəsizliyini artırmaq, qayda pozuntularını azaltmaq və insan həyatını qorumaqdır.

Bizimlə əlaqə saxlayın