Gürcüstanda sosial həssas və çoxuşaqlı ailələr üçün elektrik subsidiyası artırılıb
Gürcüstanda sosial həssas və çoxuşaqlı ailələr üçün elektrik enerjisi subsidiyasının məbləği artırılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Qaçqınların, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, dəyişikliklərin əsas məqsədi yeni tarif tətbiq edildikdən sonra bu kateqoriyadan olan ailələr üçün elektrik enerjisi ödənişinin dəyişməz qalmasını təmin etməkdir.
Qərara əsasən, reytinq balı 70 000-dən aşağı olan ailələr üçün əlavə olaraq hər kVt/saat üzrə 5 tetri subsidiya veriləcək. Beləliklə, onlar 2020-ci ilin dekabrı və 2015-ci ilin iyulunda mövcud olan tariflər arasındakı fərqə əlavə olaraq 1 kVt/saat üçün ümumilikdə 8,5 tetri subsidiya alacaqlar. Daha əvvəl bu göstərici 3,5 tetri təşkil edirdi.
Reytinq balı 70 000-dən yuxarı, lakin 150 000-dən aşağı və ya ona bərabər olan ailələr isə 200 kVt/saat elektrik enerjisi üçün hər kVt/saat üzrə 8,5 tetri subsidiya alacaqlar. Bu göstərici də əvvəl 3,5 tetri idi.
Nazirlikdən bildirilib ki, yenilik Tbilisi istisna olmaqla, ölkənin digər bütün bölgələrində yaşayan benefisiarları əhatə edəcək.
Bununla yanaşı, çoxuşaqlı ailələr üçün də subsidiya artırılıb. Belə ki, yeni tarifə uyğun olaraq, bu ailələr əlavə 10 lari subsidiya alacaqlar. Nəticədə, ölkə üzrə çoxuşaqlı ailələr elektrik xərclərinin ödənilməsi üçün əvvəlki 20 lari əvəzinə 30 lari alacaqlar. Bundan əlavə, hər növbəti uşaq üçün əlavə 10 lari subsidiya nəzərdə tutulur.
Qeyd olunub ki, dəyişiklik artıq qüvvəyə minib və hökumətin qərarı 1 aprel tarixindən etibarən tətbiq olunur.


