DTX: Gürcüstan vətəndaşı casusluq ittihamı ilə saxlanılıb
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan əks-kəşfiyyat tədbirləri nəticəsində bir nəfər Gürcüstan vətəndaşı casusluq ittihamı ilə saxlanılıb.
InterPress.ge xəbər verir ki, DTX rəisinin birinci müavini Laşa Mağradze bu gün keçirilən brifinqdə bildirib ki, son aylar ərzində intensiv şəkildə həyata keçirilən əks-kəşfiyyat tədbirləri nəticəsində saxlanılan şəxs xarici ölkənin xüsusi xidmət orqanlarının tapşırığı ilə məlumat toplamaqda və ötürməkdə ittiham olunur.
Mağradzenin sözlərinə görə, aparılmış, o cümlədən gizli istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, yüksək vəzifədə çalışan dövlət qulluqçusu ölkənin maraqlarına zidd olaraq həm hazırkı vəzifəsindən, həm də əvvəl tutduğu vəzifələrdən və müxtəlif qurumlarda olan şəxsi əlaqələrindən istifadə edərək xarici xüsusi xidmət orqanlarının maraqları naminə sistemli şəkildə məlumat toplayıb və ötürüb.
“Şübhəli şəxsin xarici ölkənin xüsusi xidmət orqanının nümayəndəsi ilə yüksək səviyyədə təşkil olunmuş, konspirativ xarakter daşıyan müntəzəm əlaqələri olub. Görüşlər şifrələnmiş iki tərəfli əlaqə vasitəsilə planlaşdırılır və əvvəlcədən razılaşdırılmış konspirasiya qaydalarına ciddi əməl olunmaqla müxtəlif məkanlarda keçirilirdi. Məlumatların ötürülməsi həm üzbəüz görüşlər, həm də elektron vasitələrlə həyata keçirilib.
Xarici xüsusi xidmət orqanına ötürülən məlumatlar müxtəlif kateqoriyalı məxfi məlumatları əhatə edib. Bu məlumatlar Gürcüstanda gedən siyasi-iqtisadi proseslər, güc strukturları və təhlükəsizlik qurumlarındakı vəziyyət, etnik və dini azlıqlar barədə məlumatlar və sifarişçilər üçün maraq kəsb edən digər məlumatlarla bağlı olub.
Bundan əlavə, toplanmış sübutlar göstərir ki, saxlanılan şəxs xarici xüsusi xidmət orqanının nümayəndəsinin tapşırığı ilə informasiya platformalarının yaradılması üzərində də işləyib. Bu platformaların məqsədi media nümayəndələrini cəlb etmək və həmin şəbəkə vasitəsilə, o cümlədən region ölkələri istiqamətində kəşfiyyat xarakterli məlumatların toplanması olub.
Şəxs bu fəaliyyəti maddi gəlir əldə etmək məqsədilə həyata keçirib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 314-cü maddəsinin birinci hissəsi ilə istintaq aparılır ki, bu da 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – deyə Laşa Mağradze bildirib.


