06 
May
2026
09:59
162

Bu gün pravoslav dünyası Giorqoba bayramını qeyd edir

Bu gün pravoslav dünyası Müqəddəs Giorqinin anım gününü – Giorqoba bayramını qeyd edir. Bununla əlaqədar kilsələrdə bayram ibadətləri keçiriləcək.

InterPress.ge xəbər verir ki, mayın 6-sı Müqəddəs Böyük Şəhid Giorqinin vəfat günü hesab olunur və pravoslav kilsəsi bu günü xüsusi dini mərasimlərlə qeyd edir.

Xristian təliminə əsasən, Müqəddəs Giorqi III əsrin ikinci yarısında Kapadokiyada varlı xristian ailəsində dünyaya gəlib. Daha sonra o, Roma imperatoru Diokletianın hakimiyyəti dövründə sərkərdə olub. Xristianlara qarşı təqiblər başlayandan sonra isə imperatora qarşı çıxıb.

Rəvayətə görə, bütpərəst Roma imperatoru Müqəddəs Giorqidən İsa Məsihdən imtina etməyi tələb edib. Lakin Giorqi inancından dönməyib və müxtəlif ağır işgəncələrə məruz qalıb, o cümlədən çarxa bağlanaraq işgəncə verilib.

Xristian mənbələrinə görə, onun duası ilə Allah ölünü dirildib. Müqəddəs Giorqinin başı 303-cü ildə kəsilib. O, 30 yaşında şəhid olub və kilsə tarixində məğlubedilməz səmavi döyüşçü kimi tanınıb.

Pravoslav kilsəsi Müqəddəs Giorqinin xatirəsini ildə iki dəfə qeyd edir. Noyabrın 23-də isə onun çarxda işgəncə gördüyü gün qeyd olunur. Bu bayram “gürcü Giorqobası” adlanır, çünki digər pravoslav kilsələrinə məhz Gürcüstandan yayılıb.

Bizimlə əlaqə saxlayın