Marneulidə qanlı hadisə - bir nəfər saxlanıldı
Marneulidə sağlamlığa qəsdən yüngül xəsarət yetirmək ittihamı ilə Türkiyə vətəndaşı saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları Türkiyə Respublikasının vətəndaşı, 1982-ci il təvəllüdlü M.İ.-ni saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində soyuq silahdan istifadə edərək 1988-ci il təvəllüdlü A.M.-yə və 1992-ci il təvəllüdlü R.V.-yə bədən xəsarətləri yetirib.
Məlumata görə, xəsarət alan A.M.-yə tibbi yardım hadisə yerində göstərilib, R.V. isə xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən istintaq tədbirləri nəticəsində M.İ.-ni hadisədən qısa müddət sonra təqsirləndirilən şəxs qismində saxlayıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır. Sözügedən maddə 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


