Parlament sədri etiraz aksiyaları zamanı zorakılıq edən polislərin həbs olunmasına münasibət bildirdi
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili 2024-cü il aksiyaları zamanı etirazçı Zviad Maisaşvili, siyasətçi Levan Xabeişvili və jurnalist Quram Roqavaya qarşı zorakılıq faktı üzrə bir neçə şəxsin saxlanılmasına münasibət bildirib.
InterPress.ge xəbər verir ki, Şalva Papuaşvili açıqlamasında qeyd edib ki, ölkənin müdafiəsi böyük məsuliyyət tələb edir və bu prosesdə səlahiyyət həddinin aşılmaması vacibdir.
Onun sözlərinə görə, prokurorluq kifayət qədər sübut topladıqdan sonra səlahiyyətlərini aşan şəxslərin müəyyən olunması üçün müvafiq addımlar atılıb.
“İstintaq davam edirdi və prokurorluq bu prosesdə mövcud olan çətinliklər barədə danışırdı. Prokurorluq sübut bazasının kifayət qədər möhkəm olduğunu hesab etdiyi anda, səlahiyyət həddini aşan şəxslərin müəyyən olunması istiqamətində addımlar atıldı.
Eyni zamanda, unutmamalıyıq ki, həmin dövrdə nə baş verirdi. Söhbət əsasən 2024-cü ilin dekabr hadisələrindən gedir. Gürcüstanda “Maydan” ssenarisini həyata keçirməyə çalışırdılar. Xatırlayırsınızsa, Avropa İttifaqına üzv 7 ölkənin parlament üzvləri və komitə sədrləri Gürcüstana gəlmişdi və onlar açıq şəkildə hakimiyyətə qarşı çağırışlar edirdilər. İsveçli komitə sədri isə radikal müxalifəti birbaşa “Maydan”a çağırırdı.
Biz parlamentə hücumun, onun yandırılmasına cəhdin, polisə qarşı zorakılığın şahidi olduq. Bir neçə nəfər “Molotov kokteyli” ilə insanlara zərər vurmaq və polis əməkdaşlarını diri-diri yandırmağa cəhd etmək ittihamı ilə məsuliyyətə cəlb olunub.
Belə şəraitdə polis əməkdaşları ölkəni qoruyurdular və mən həmin günlərdə ölkəni “Maydan”dan, zorakılıqdan və xaricdən təşkil olunan hücumlardan qoruyan hər bir polisə təşəkkür edirəm.
Eyni zamanda, əlbəttə ki, dövlətin müdafiəsi yüksək məsuliyyət deməkdir və bu prosesdə səlahiyyətlərin aşılmaması vacibdir. O zaman baş verən ayrı-ayrı insidentlərlə bağlı da deyilmişdi ki, dövlət bütün halları lazımi şəkildə araşdıracaq və günahkarları müəyyən edəcək. Elə də oldu. Bizim dövlətin yanaşması ondan ibarətdir ki, qanunun aliliyi hər kəsə şamil olunmalıdır”, – deyə Şalva Papuaşvili bildirib.
Qeyd edək ki, Gürcüstan Prokurorluğu 2024-cü il aksiyaları zamanı etirazçı Zviad Maisaşvili, siyasətçi Levan Xabeişvili və jurnalist Quram Roqavaya qarşı zorakılıq faktı üzrə beş nəfəri saxlayıb. Onların arasında üç keçmiş və bir hazırkı xüsusi təyinatlı əməkdaş, həmçinin Daxili İşlər Nazirliyinin Mühafizə Polisi Departamentinin bir əməkdaşı da var.
Baş prokurorun açıqlamasına görə, saxlanılan şəxslərdən ikisi artıq digər cinayət işləri üzrə həbsdədir.
Bundan əlavə, prokurorluq bütün beş təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcək.


