08 
May
2026
16:26
127

Mdinaradze: Əgər bu sistemli xarakter daşısaydı, zərərçəkən jurnalistlərin sayı çox olardı

Hüquq-mühafizə orqanlarının koordinasiyası məsələləri üzrə dövlət naziri Mamuka Mdinaradze siyasətçi Levan Xabeişvili, jurnalist Quram Roqava və etirazçı Zviad Maisaşviliyə qarşı zorakılıq faktı üzrə 5 polis əməkdaşının saxlanılması məsələsinə münasibət bildirib.

InterPress.ge xəbər verir ki, Mamuka Mdinaradze mediaya açıqlamasında qeyd edib ki, istintaq çərçivəsində xüsusi təyinatlılara kiməsə xəsarət yetirmək barədə göstəriş verildiyini sübut edən nə birbaşa, nə də dolayı sübut mövcuddur.

Onun sözlərinə görə, əgər bu iş üzrə sifarişçi və bunu təsdiqləyən sübutlar olsaydı, hakimiyyət həmin şəxslərin saxlanılmasından çəkinməzdi.

“Bu istiqamətdə aparılan cinayət işində xüsusi təyinatlılara kiməsə zərər vurmaq və döymək barədə göstəriş verildiyini təsdiqləyən nə birbaşa, nə də dolayı sübut var. Belə olan halda, istintaqın guya sifarişçilərə çıxması üçün hüquqi əsas mövcud deyil.

Bu, yalnız dövlətin düzgün yanaşmasından narazı qalan şəxslərin PR kampaniyasının bir hissəsidir. Əgər bu işdə sifarişçi olsaydı və buna dair müvafiq sübut mövcud olsaydı, heç kim şübhə etməzdi ki, biz həmin şəxslərin saxlanılmasından çəkinmərik.

Bizim bununla bağlı praktikamız var. Son dövrlərdə yüksək vəzifəli şəxslərin də cinayət əlamətləri olduğu halda saxlanıldığını gördük. Heç kim bizi kimisə qorumaqda ittiham edə bilməz.

Əgər bir sübut olsa belə, hüquq-mühafizə orqanları həmin sübutun izi ilə gedəcək. Amma sübut yoxdursa, heç kim yalnız PR kampaniyası əsasında hərəkət edə bilməz.

Görünür, mövcud sübutlar da göstərir ki, bunlar fərdi təşəbbüslər və ayrı-ayrı hallardır. Əgər bu proses sistemli xarakter daşısaydı, şərti olaraq yalnız bir zərərçəkmiş jurnalist olmazdı, onların sayı çox olardı və sair. Buna görə də hüquq-mühafizə orqanları reallığa əsaslanır, PR kampaniyasına yox”, – deyə Mamuka Mdinaradze bildirib.

Qeyd edək ki, Gürcüstan Prokurorluğu 2024-cü il aksiyaları zamanı etirazçı Zviad Maisaşvili, siyasətçi Levan Xabeişvili və jurnalist Quram Roqavaya qarşı zorakılıq faktı üzrə 5 nəfəri saxlayıb. Onların arasında 3 keçmiş və 1 hazırkı xüsusi təyinatlı əməkdaş, eləcə də Daxili İşlər Nazirliyinin Mühafizə Polisi Departamentinin bir əməkdaşı var.

Bu barədə Gürcüstanın baş prokuroru Qiorqi Qvarakidze brifinqdə məlumat verib. Onun sözlərinə görə, saxlanılan 5 nəfərdən 2-si artıq başqa cinayət işləri üzrə həbsdədir.

Bizimlə əlaqə saxlayın