Marneulidə Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib - FOTO
Marneulidə fəaliyyət göstərən Azərbaycan Evi-də Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş geniş tədbir keçirilib.
InterPress.ge xəbər verir ki, tədbirdə yerli ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər, müxtəlif qurumların təmsilçiləri və qonaqlar iştirak ediblər. Tədbir Ümummilli Liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Daha sonra çıxış edən Azərbaycan Evinin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin direktoru Məhəbbət İmanov Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb. O bildirib ki, Heydər Əliyev müasir Azərbaycanın qurucusu kimi ölkənin siyasi, iqtisadi və sosial inkişafında mühüm rol oynayıb. Məhəbbət İmanov qeyd edib ki, Ümummilli Liderin müəyyən etdiyi siyasi kurs bu gün də uğurla davam etdirilir.
Onun sözlərinə görə, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənib, beynəlxalq arenada nüfuzunu artırıb və işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.
Tədbirdə iştirak edən Azərbaycan səfirliyinin nümayəndəsi Fəxrəddin Ağayev çıxışında Heydər Əliyevin uzaqgörən və balanslı siyasətindən bəhs edib. O vurğulayıb ki, Ümummilli Liderin müəyyən etdiyi strateji xətt Azərbaycanın inkişafına və regionda sabitliyin qorunmasına mühüm töhfə verib.
Fəxrəddin Ağayev, həmçinin Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin formalaşmasında Heydər Əliyevin xüsusi xidmətlərinin olduğunu bildirib. Onun sözlərinə görə, iki ölkə arasında enerji, nəqliyyat və iqtisadi sahələrdə həyata keçirilən mühüm layihələrin təməlində məhz Heydər Əliyevin siyasi baxışı dayanır.
Parlamentin deputatı Zaur Darğallı çıxışında Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən ətraflı danışıb. O qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan güclü dövlətçilik ənənələri formalaşdırıb və regionda mühüm siyasi aktora çevrilib.
Deputat bildirib ki, Heydər Əliyevin siyasi irsi bu gün də aktuallığını qoruyur və onun müəyyən etdiyi inkişaf strategiyası Azərbaycanın uğurlu gələcəyinin əsasını təşkil edir. Zaur Darğallı, həmçinin Eduard Şevardnadze ilə Heydər Əliyev arasında formalaşan dostluq münasibətlərinin Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Onun sözlərinə görə, hər iki liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycan ilə Gürcüstan arasında strateji əməkdaşlıq daha da möhkəmlənib və bu münasibətlər bu gün də uğurla davam edir. Deputat Azərbaycan Prezidentinin Gürcüstana həyata keçirdiyi səfərlərin iki ölkə arasında dostluq münasibətlərinin inkişafına əlavə töhfə verdiyini də qeyd edib.
Marneuli bələdiyyə məclisinin sədri Amiran Qiorqadze çıxışında Azərbaycan-Gürcüstan münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. O qeyd edib ki, Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət iki xalq arasında dostluq və qardaşlıq münasibətlərinin daha da güclənməsinə xidmət edib.
Amiran Qiorqadze vurğulayıb ki, Azərbaycan və Gürcüstan arasında mövcud əməkdaşlıq regionun inkişafı və sabitliyi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən sabiq millət vəkili İsaq Novruzov isə deputat olduğu dövrdə Heydər Əliyevlə keçirilən görüşlərdə iştirak etdiyini xatırladıb. O bildirib ki, həmin görüşlərdə Ümummilli Liderin dövlət idarəçiliyindəki təcrübəsi, xalqına bağlılığı və müdrik siyasəti hər kəsdə böyük təəssürat yaradırdı.
İsaq Novruzov qeyd edib ki, Heydər Əliyev hər zaman azərbaycanlıların birliyi, dövlətçiliyin qorunması və ölkənin inkişafı məsələlərinə xüsusi diqqət yetirib.
Tədbirin sonunda digər çıxış edənlər də Heydər Əliyevin siyasi fəaliyyəti, dövlətçilik sahəsindəki xidmətləri və Azərbaycan xalqı qarşısındakı tarixi rolundan danışaraq onunla bağlı xatirələrini və xoş təəssüratlarını bölüşüblər.



