09 
May
2026
15:47
235

Herçinski: Ümidimizi itirmirik ki, Gürcüstan bir gün Avropa İttifaqının üzvü olacaq

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bildirib ki, son dövrlərdə Gürcüstanın Aİ-yə inteqrasiya prosesi dayanıb və anti-Avropa ritorikası illərlə qurulan münasibətlərə zərər vurur.

InterPress.ge xəbər verir ki, Pavel Herçinski bu barədə Avropa Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı danışıb.

Diplomat çıxışının bir hissəsini gürcü dilində edərək Gürcüstanın özünəməxsusluğu və zəngin mədəniyyəti ilə Avropada böyük rəğbət qazandığını vurğulayıb.

“Bu gün Avropa Günüdür! Biz bu günü Avropanın birliyini və Gürcüstanla, sizinlə uzun illərə söykənən dostluğumuzu qeyd etmək üçün bayram edirik. Müstəqillik bərpa olunduqdan sonra biz Gürcüstanın və sizin yanınızda möhkəm və etibarlı tərəfdaş kimi dayanmışıq.

Avropa İttifaqı Gürcüstanın inkişafına kömək edir və ən əsası insanların həyatını yaxşılığa doğru dəyişir. Əgər bu gün də “Avropa nədir?” sualı yaranırsa, icazə verin deyim: Avropa müxtəlifliyin məkanıdır. Burada hər bir dövlət öz mədəniyyətini, kimliyini və ənənələrini qoruyur və daha da gücləndirir.

Gürcüstan da məhz öz unikallığı və zəngin mədəniyyəti ilə Avropada heyranlıq doğurur. Biz sizin qürurverici tarixinizdən ilham alırıq”, – deyə Pavel Herçinski bildirib.

Səfir qeyd edib ki, Avropa ailəsinin üzvü olmaq üçün yalnız mədəni zənginlik kifayət deyil və bu yol demokratik inkişaf üzərində qurulub.

“Təəssüf ki, son dövrlərdə Gürcüstan Avropa İttifaqına doğru irəliləyişini dayandırıb. Anti-Avropa ritorikası davam edir və bu, illərlə qurulan dostluğa, eləcə də nəsillərin ümidlərinə zərər vurur.

Biz birlikdə ayrı-ayrılıqda olduğumuzdan daha güclüyük – ‘Qardaş qardaşla güclüdür’.

Biz ümidimizi itirmirik ki, Gürcüstan bir gün Avropa İttifaqının üzvü olacaq. Buna görə də bu məqsədə çatmaq üçün birlikdə işi yenidən davam etdirməyə hazırıq.

Avropa İttifaqına üzvlük sülhün və rifahın qorunmasının ən yaxşı yoludur. Bunu Aİ-nin təxminən 80 illik tarixi sübut edir. Gürcüstanın gələcəyi bu ölkəyə və onun xalqına, sizə məxsusdur. İrəli, Gürcüstan, irəli!”, – deyə Pavel Herçinski vurğulayıb.

Bizimlə əlaqə saxlayın