Tbilisidə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan 3 nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları külli və xüsusilə külli miqdarda narkotik və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması, realizasiyasına şərait yaradılması və narkotik vasitələrin həkim təyinatı olmadan qanunsuz istifadəsi ittihamı ilə müxtəlif vaxtlarda 3 nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, saxlanılan şəxslərdən ikisi əvvəllər məhkum olunub.
Nazirliyin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin üzərinə və müxtəlif ünvanlara baxış zamanı satış üçün hazırlanmış xüsusilə külli miqdarda narkotik vasitələr – “alfa-PVP”, “metadon”, “qurudulmuş marixuana”, eləcə də “ketamin” psixotrop maddəsini maddi sübut kimi götürüblər.
Açıqlamada qeyd olunub ki, məhkəmə qərarı əsasında həyata keçirilən istintaq tədbirləri çərçivəsində saxlanılan şəxslərdən birindən bir neçə dəfə nəzarət altında narkotik vasitə alışı həyata keçirilib və həmin proses gizli audio-video çəkilişlə qeydə alınıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260-cı prima, 261-ci və 273-cü maddələri ilə istintaq aparılır. Sözügedən maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


