Marneulidə Heydər Əliyevin 103 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO
Marneulidə yerləşən "Matneuli Mədəniyyət Evi"ndə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
InterPress.ge xəbər verir ki, tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin və SOCAR Georgia şirkətinin dəstəyi, İnkişaf və Təhsil Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Tədbir Azərbaycan və Gürcüstan dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Marneuli meri Daur İsmayılov, ziyalılar və icma nümayəndələri iştirak ediblər.
Çıxış edən səfir Faiq Quliyev tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, Heydər Əliyev Gürcüstanın böyük dostu və Azərbaycan-Gürcüstan dostluğunun əsas memarlarından biri olub. O, iki xalq arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini qeyd edib və Heydər Əliyevin Gürcüstanda yaşayan azərbaycanlıların rifahı istiqamətində gördüyü işlərdən bəhs edib.
Səfir vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən Gürcüstanda yaşayan soydaşların problemləri daim diqqət mərkəzində saxlanılıb. Onun sözlərinə görə, son 20 il ərzində sosial və infrastruktur layihələrinin həyata keçirilməsi üçün 80 milyon dollardan artıq maliyyə vəsaiti ayrılıb. Bu vəsait hesabına onlarla məktəb, idman mərkəzi, uşaq bağçası, yol və digər mühüm infrastruktur obyektləri tikilib.
Faiq Quliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin dövründən etibarən Gürcüstanda yaşayan soydaşların sosial rifahı daim diqqət mərkəzində olub. O, 2013-cü ildən tətbiq olunan tələbələrin illik təhsil haqlarının ödənilməsi proqramını strateji əhəmiyyət daşıyan təşəbbüslərdən biri kimi dəyərləndirib.
Diplomat çıxışında Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən transmilli enerji və nəqliyyat layihələrinin bu gün də regionun iqtisadi xəritəsini müəyyənləşdirdiyini diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının formalaşmasında Heydər Əliyevin xüsusi rolu olub.
Səfir həmçinin Azərbaycanın taleyüklü dövrlərində Gürcüstan dövlətinin və xalqının göstərdiyi dəstəyi yüksək qiymətləndirib, Gürcüstanda yaşayan soydaşların Azərbaycana mənəvi bağlılığının hər zaman xüsusi ehtiramla qarşılandığını bildirib.
Tədbirdə çıxış edən Marneuli meri Daur İsmayılov isə Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında mühüm rol oynadığını qeyd edib. O, Azərbaycan-Gürcüstan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafında Ümummilli Liderin xidmətlərini vurğulayıb.
Daha sonra İnkişaf və Təhsil Mərkəzinin direktoru Emin Əhmədov çıxış edərək bu kimi tədbirlərin ənənəvi xarakter daşıdığını və böyük əhəmiyyətə malik olduğunu bildirib. O, Heydər Əliyevin həyat və fəaliyyətindən, uzaqgörən siyasətindən danışıb.
Çıxışlardan sonra tədbir iştirakçılarına rəqs nömrələri təqdim olunub.
Tədbirin sonunda İnkişaf və Təhsil Mərkəzinin 103 tələbəsinə sertifikat təqdim edilib, fəal gənclərə isə plaketlə təltif olunublar.











