Bu gün Gürcüstanın 142-ci Patriarxı seçiləcək
Bu gün Sameba kafedral məbədində Gürcüstan Pravoslav Kilsəsinin genişləndirilmiş şurasında Gürcüstanın 142-ci Patriarxı seçiləcək.
InterPress.ge xəbər verir ki, Müqəddəs Sinodun qərarına əsasən, patriarxlığa namizədlər Patriarx taxtının müvəqqəti rəhbəri, Senaki və Çxorotsku mitropoliti Şio (Muciri), Urbnisi və Rui yeparxiyasının mitropoliti İob və Poti və Xobi mitropoliti Qriqolidir.
Yeni patriarxın seçiləcəyi genişləndirilmiş şurada 1200-ə yaxın nümayəndənin iştirakı gözlənilir.
Patriarxlığın məlumatına görə, Sameba məbədində keçiriləcək iclasa yalnız xüsusi siyahılar əsasında daxil olmaq mümkün olacaq. Məbədə giriş saat 10:00-dan başlayacaq. Patriarx seçiləcəyi gün məbədin həyətində isə istənilən şəxs iştirak edə biləcək. Məhdudiyyət yalnız məbədin daxilinə aiddir.
İclas zamanı patriarxlığa namizədlər çıxış edəcəklər. Həmçinin onların yeparxiyalarından bir nümayəndə də söz alacaq. Namizədlərə çıxış üçün 5 dəqiqə, nümayəndələrə isə 3 dəqiqə vaxt veriləcək.
Patriarxlıqda bildirilib ki, tədbir televiziya vasitəsilə qismən yayımlanacaq. İclasın bir hissəsi qapalı keçiriləcək. Canlı yayımda yalnız qapıların açılması, səsvermə prosesi və yekun nəticələrin elan olunması göstəriləcək, səslərin sayılması isə qapalı olacaq.
Patriarxlığın açıqlamasına əsasən, bülletenlərdə üç namizədin adı yer alacaq. Seçicilər namizədlərdən birini işarələdikdən sonra bülleteni zərfə qoyaraq mərkəzi hissədə yerləşdirilmiş seçki qutusuna atacaqlar.
Nizamnaməyə görə, patriarxın ilk turda seçilməsi üçün səslərin 50 faiz + 1 səsini toplamaq lazımdır. Bu halda 20 səs kifayət edəcək. Əgər namizədlərdən biri 20 səs toplasa, ikinci tur keçirilməyəcək. Heç bir namizəd bu nəticəni əldə etməzsə, ikinci tur ən çox səs toplamış iki namizəd arasında keçiriləcək.
Nəticəni bu gün elə həmin gün iyerarxiya baxımından ən yaşlı yepiskop, mitropolit Ananiya Japaridze elan edəcək. Həmçinin yeni patriarxın intronizasiya mərasiminin tarixi də açıqlanacaq. Bu tarixlə bağlı qərarı artıq seçilmiş patriarx qəbul edəcək.
Xatırladaq ki, bütün Gürcüstanın Katolikos-Patriarxı, müqəddəs və mübarək II İliya 2026-cı il martın 17-də, 93 yaşında vəfat edib. Bundan sonra Gürcüstan Pravoslav Kilsəsinin yeni rəhbərinin seçilməsi məsələsi gündəmə gəlib.


