Gürcüstanın yeni Patriarxına Şio III adı verilib
Gürcüstan Pravoslav Kilsəsinin genişləndirilmiş şurasının açıqlamasına əsasən, yeni seçilmiş Katolikos-Patriarxa Şio III adı verilib.
InterPress.ge xəbər verir ki, səsvermənin nəticələrinin elanından sonra səslərin hesablanması komissiyasının sədri, mitropolit Ananiya Japaridze yeni patriarxı belə təqdim edib:
“Gürcüstanın Müqəddəs Apostol Avtokefal Pravoslav Kilsəsinin rəhbəri, müqəddəs və mübarək, bütün Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu, Biçvinta və Tsxum-Abxaziya mitropoliti, böyük hökmdar, atamız Şio Üçüncü – aksios!”
Məlumata görə, prosedura uyğun olaraq, nəticələr elan edildikdən sonra mitropolit Ananiya Japaridze Şioya Katolikos-Patriarx yükünü qəbul edib-etmədiyini soruşub. Şio isə razılığını ifadə edib.
“Bütün Gürcüstanın Katolikos-Patriarxı olaraq seçilməyimi itaətkarlıqla, Tanrının mərhəməti və ümidi ilə qəbul edirəm”, – deyə yeni seçilmiş Patriarx Şio III bildirib.
Yeni patriarxın intronizasiya mərasimi sabah – mayın 12-də Svetitsxoveli kafedral məbədində keçiriləcək. Bu barədə Gürcüstanın 142-ci Katolikos-Patriarxı, Senaki və Çxorotsku mitropoliti Şio (Muciri) məlumat verib.
Qeyd edək ki, Gürcüstan Pravoslav Kilsəsinin yeni rəhbəri bu gün keçirilən genişləndirilmiş kilsə şurasında seçilib. Şio (Muciri) səsvermədə 22 səs toplayaraq patriarx seçilib.
Digər namizədlərdən Urbnisi və Rui yeparxiyasının mitropoliti İob 9 səs, Poti və Xobi mitropoliti Qriqoli isə 7 səs alıb. Bir səs etibarsız sayılıb.
Xatırladaq ki, bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya 2026-cı il martın 17-də, 93 yaşında vəfat edib. Bundan sonra Gürcüstan Pravoslav Kilsəsinin yeni rəhbərinin seçilməsi məsələsi gündəmə gəlib.


