11 
May
2026
16:58
165

“Lelo - Güclü Gürcüstan”: İnanırıq ki, yeni Patriarxın rəhbərliyi ilə Gürcüstan Pravoslav Kilsəsi tarixi missiyasını layiqincə davam etdirəcək

“Lelo - Güclü Gürcüstan” koalisiyası Gürcüstan Pravoslav Kilsəsinin yeni Katolikos-Patriarxı seçilən Şio III-ü təbrik edib.

InterPress.ge xəbər verir ki, partiyanın yaydığı bəyanatda bildirilir ki, yeni Patriarxın rəhbərliyi altında Gürcüstan Pravoslav Kilsəsi tarixi missiyasını layiqincə davam etdirəcək və milli birlik, ictimai həmrəylik, mənəvi sakitlik və ölkənin sabit inkişafı istiqamətində mühüm rol oynayacaq.

“Gürcüstan Pravoslav Kilsəsinin yeni rəhbəri var — Müqəddəs Sinodun qərarı ilə bütün Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu və Biçvinta ilə Tsxum-Abxaziya mitropoliti Şio III (Muciri) seçilib.

“Lelo - Güclü Gürcüstan” koalisiyası Gürcüstan Pravoslav Kilsəsini, ruhaniləri və bütün Gürcüstanı yeni Patriarxın seçilməsi münasibətilə təbrik edir.

Bu gün biz II İliyanın Gürcüstan dövləti, kilsəsi və gürcü xalqı qarşısındakı böyük xidmətlərini xüsusi ehtiramla xatırlayırıq. Onun uzun illər davam edən fəaliyyəti milli özünüdərkin möhkəmləndirilməsi, dini və mənəvi həyatın dirçəldilməsi, eləcə də ən çətin tarixi dövrlərdə cəmiyyətin birliyinin qorunmasına yönəlmiş daimi səylərlə bağlıdır.

İnanırıq ki, yeni Patriarxın rəhbərliyi ilə Gürcüstan Pravoslav Kilsəsi bu tarixi missiyanı layiqincə davam etdirəcək və milli birlik, ictimai həmrəylik, mənəvi sakitlik və ölkənin sabit inkişafı istiqamətində mühüm rol oynayacaq.

Biz qəti şəkildə inanırıq ki, güclü və müasir Gürcüstan dövləti demokratik institutlara hörmət, dini azadlığın qorunması və dövlətlə kilsə arasında qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq üzərində qurulmalıdır. Burada hər bir institut öz məsuliyyəti çərçivəsində ölkənin və cəmiyyətin rifahına xidmət edir.

Tanrının köməyi ilə Gürcüstan Pravoslav Kilsəsinə, yeni seçilmiş Katolikos-Patriarxa və bütün Gürcüstana sülh, birlik və ləyaqətli gələcək arzulayırıq”, – deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, Gürcüstanın yeni Katolikos-Patriarxı genişləndirilmiş kilsə şurasında seçilib. Senaki və Çxorotsku mitropoliti Şio (Muciri) 22 səs toplayaraq ölkənin 142-ci Katolikos-Patriarxı olub.

Digər namizədlərdən Urbnisi və Rui yeparxiyasının mitropoliti İob 9 səs, Poti və Xobi mitropoliti Qriqoli isə 7 səs alıb. Bir səs etibarsız sayılıb.

Genişləndirilmiş kilsə şurasının açıqlamasına əsasən, yeni seçilmiş Patriarxa Şio III adı verilib.

Bizimlə əlaqə saxlayın