13 
May
2026
14:00
260

Gürcüstanda korrupsiya faktları aşkarlanıb – 3 nəfər saxlanılıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən iki müxtəlif bələdiyyədə korrupsiya faktları aşkarlanıb, üç nəfər saxlanılıb. Saxlanılanlar arasında bələdiyyə merinin iki nümayəndəsi də var.

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidmətində keçirilən brifinqdə qurumun nümayəndəsi İa Axalaya məlumat verib.

Onun sözlərinə görə, ilk korrupsiya faktı Adigeni bələdiyyəsində aşkarlanıb. Burada külli miqdarda rüşvət alma faktı üzrə Zanavi inzibati ərazi vahidində merin nümayəndəsi, həmçinin rüşvət almağa yardım göstərmək ittihamı ilə bir vətəndaş saxlanılıb.

“İstintaqla müəyyən edilib ki, dövlət qulluqçusu vasitəçi vasitəsilə dövlət mülkiyyətində olan torpaq sahələrində kampinq məkanının yaradılmasına himayədarlıq etmək müqabilində 10 min ABŞ dolları məbləğində rüşvət tələb edib və alıb”, – deyə İa Axalaya bildirib.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsi ilə aparılır. Həmin maddə 7 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

İkinci korrupsiya faktı isə Tsalka bələdiyyəsində qeydə alınıb. Sameba inzibati ərazi vahidində merin nümayəndəsi rüşvət alma ittihamı ilə saxlanılıb.

İstintaqın məlumatına görə, dövlət qulluqçusu xidməti səlahiyyətlərindən istifadə edərək vətəndaşlara saxta arayışlar verirmiş.

“Müəyyən olunub ki, təqsirləndirilən şəxs 20 ton kartofun mənşəyi barədə saxta sənədlərin hazırlanması və satılması müqabilində 1000 lari məbləğində rüşvət alıb”, – deyə qurum nümayəndəsi qeyd edib.

Məmur cinayət əməlini törədərkən saxlanılıb. Bu halda rüşvət alma maddəsi üzrə 6 ildən 9 ilədək həbs cəzası nəzərdə tutulur.

Hər iki iş üzrə pul vəsaitləri maddi sübut kimi götürülüb.

İa Axalaya bildirib ki, hüquq-mühafizə orqanları Gürcüstanda korrupsiya faktlarının tam aradan qaldırılması istiqamətində fəal işi davam etdirəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər