Onlarla “qanuni oğru” aləmi ilə əlaqədə olan şəxslər saxlanıldı
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, son 24 saat ərzində ölkə üzrə keçirilən kompleks əməliyyat-axtarış və prosessual tədbirlər nəticəsində “qanuni oğru” aləmi ilə əlaqədə olan 44 nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Mərkəzi Kriminal Polis Departamentinin direktoru Davit Kiknadze keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, daha 7 nəfərə ittiham irəli sürülüb. Onlardan bir qisminə penitensiar müəssisədə, digər şəxslərə isə qiyabi qaydada ittiham elan olunub. Həmin şəxslər arasında xaricdə yaşayan iki “qanuni oğru” da var.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər “oğru razborkaları” təşkil edir və “oğru qərarları” çıxarırmışlar.
Saxlanılan şəxslər “qanuni oğrular” – Levan Marghia və Nodar Shukakidze ilə əlaqə saxlayaraq, şəxsi mənfəət əldə etmək məqsədilə vətəndaşlar arasında maliyyə və kriminal xarakterli mübahisələr üzrə “oğru qaydalarına” uyğun qərarlar qəbul edirmişlər. Daha sonra tərəflərdən pul tələb olunurmuş. Müəyyən olunmuş vaxtda ödəniş edilmədiyi halda isə şəxslərə fiziki zorakılıq və ölümlə hədələr edilirmiş.
İstintaq zamanı həmçinin müəyyən olunub ki, cinayətkar qrupun üzvləri əvvəlcədən hazırlanmış plan əsasında Tbilisinin müxtəlif rayonlarında avtomobillərlə hərəkət edir, konkret şəxsləri seçir və onların iradəsinə zidd olaraq internet-bank vasitəsilə kredit rəsmiləşdirməyə məcbur edirmişlər. Daha sonra həmin vəsaitlər öz hesablarına köçürülərək qanunsuz şəkildə mənimsənilirmiş.
Araşdırma ilə müəyyən edilib ki, təqsirləndirilən şəxslər “qanuni oğrulara” yardım məqsədilə Tbilisidə yaşayan və gələcəkdə “oğru aləmi” adından maddi gəlir əldə etmək və pul tələb etmək mümkün olan şəxslər barədə məlumatlar ötürürmüşlər.
Keçirilən axtarışlar nəticəsində saxlanılan şəxslərin mobil telefonları və kompüter texnikası maddi sübut kimi götürülüb. Həmin vasitələrlə onlar bir-biri və xaricdə yaşayan “qanuni oğrular”la əlaqə saxlayırmışlar. Bundan əlavə, əməliyyat zamanı odlu silahlar da aşkarlanaraq götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 223 prima, 223 tersia, 223 kvarta və 236-cı maddələri ilə aparılır. Bu maddələr 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Daxili İşlər Nazirliyi bildirib ki, təşkilatlanmış cinayətkarlığa, o cümlədən “qanuni oğru” aləmi ilə əlaqəli cinayət fəaliyyətinə qarşı mübarizə davam etdiriləcək.


