Levan Maxaşvili: “Gürcüstan bunun onda birini etsəydi, Brüssel sərt reaksiya verərdi”
Gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Levan Maxaşvili Danimarkanın paytaxtı Kopenhagendə polis tərəfindən aksiya iştirakçılarına qarşı fiziki güc tətbiq olunmasını Gürcüstana münasibətdə ikili standartların nümunəsi kimi qiymətləndirib.
InterPress.ge xəbər verir ki, Levan Maxaşvili bu barədə açıqlamasında danışıb. O bildirib ki, Gürcüstanda kadrlarda görünənlərin onda biri baş versəydi, Brüssel və digər Avropa paytaxtları ard-arda qətnamələr qəbul edərək ölkəni sərt şəkildə tənqid edərdilər.
“Əgər bizim dövlət kadrlarda görünənlərin onda birini etsəydi, yalnız təsəvvür edirəm ki, Brüsseldən və ya digər paytaxtlardan hansı reaksiyalar olardı – dövləti tam hədəfə çevirər, bir-birinin ardınca qətnamələr qəbul edər, ölkəni qaralayardılar. Həqiqətən təəssüf doğurur ki, biz ölkəmizə qarşı ədalətsiz münasibət və ikili standart görürük. Məlum olur ki, onlar öz ölkələrində belə davrana bilərlər, amma bizim ölkənin, məsələn, dövlət institutlarını qorumaq hüququ yoxdur”, – deyə Levan Maxaşvili bildirib.
O qeyd edib ki, avrobürokratlar Gürcüstanı hətta dövlət institutlarını qoruduğuna görə tənqid etdikləri halda, öz ölkələrində baş verən hadisələrə münasibət bildirmirlər.
Qeyd edək ki, Kopenhagendə Fələstin tərəfdarı fəallar Danimarkanın iri nəqliyyat şirkəti olan “Maersk”in baş ofisi qarşısında blokada təşkil ediblər. Aksiyanı dağıtmaq üçün polis dəyənəklərdən istifadə edib. Yayılan videogörüntülərdə polis əməkdaşlarının media nümayəndəsinə qarşı da fiziki zor tətbiq etdiyi görünür.
Hadisə zamanı 20 nəfər saxlanılıb. Fəallar polisi həddindən artıq güc tətbiq etməkdə ittiham etsələr də, polis bu ittihamları rədd edib və bəyan edib ki, bəzi hallarda insanları ərazidən sadəcə uzaqlaşdırmaq mümkün olmur və belə vəziyyətlərdə fiziki güc tətbiqi zəruri ola bilər.
“Xronika” verilişi Danimarka səfirliyinə müraciət edərək aksiya iştirakçılarının ifadə azadlığının pozulub-pozulmadığı və media fəaliyyətinə maneə yaradılıb-yaradılmadığı ilə bağlı mövqelərini soruşub. Səfirlik isə sualı Xarici İşlər Nazirliyinə yönləndirib.


