Tetricxaro bələdiyyəsində silah və narkotik vasitə aşkarlanıb, bir nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Tetricxaro rayon idarəsinin əməkdaşları qanunsuz olaraq odlu silah, döyüş sursatı və narkotik vasitə saxlamaqda təqsirləndirilən bir nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, polis Tetricxaro bələdiyyəsində təqsirləndirilən şəxsin yaşayış evinə və yardımçı tikililərinə baxış keçirərkən avtomatik odlu silah, ov tüfəngi, tapança, patron darağı və müxtəlif növ odlu silahlar üçün nəzərdə tutulmuş 35 ədəd patronu maddi sübut kimi götürüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həmçinin qurudulmuş “marixuana” narkotik vasitəsi də aşkarlanaraq götürülüb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı və 260-cı maddələri ilə aparılır. Sözügedən maddələr 6 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


