16 
May
2026
17:30
1709

"Bütün icmanın ağır yasa batdığı gündə Marneuli merinin əyləncəsi təbii ki, xoşa gələn hal deyil" - Samirə Bayramova

Hüquq müdafiəçisi Samirə Bayramova Marneuli meriyasının fəaliyyəti və vətəndaşlara münasibəti ilə bağlı sərt fikirlər səsləndirib.

InterPress.ge xəbər verir ki, Samirə Bayramova bu barədə “Facebook” sosial şəbəkəsində paylaşım edib. O, Marneuli merinin davranışlarını, idarəçilik formasını və meriyanın fəaliyyətini tənqid edərək, qurumda ciddi institusional problemlərin olduğunu bildirib.

“Hər kəsin hobbisi və maraqlandığı sahələr var. Bu normaldır. Bütün icmanın ağır yasa batdığı gündə Marneuli merinin əyləncəsi təbii ki, xoşa gələn hal deyil. Bunu o şəxs anlamayıb, o hərəkəti edirsə, medialara nə olub. Tənqidlər də yerində idi”, – deyə Bayramova yazıb.

O bildirib ki, Marneuli meriyasının fəaliyyəti xüsusilə səhiyyə və sosial yardım məsələlərində problemlərlə müşahidə olunur. Hüquq müdafiəçisi onkoloji xəstə olan ailə üzvü ilə bağlı yaşadığı çətinlikləri də paylaşaraq meriyanın qərar qəbul etmə prosesini tənqid edib.

Bayramovanın sözlərinə görə, Gürcüstan Səhiyyə Nazirliyi müraciətlərə qısa müddətdə müsbət cavab verdiyi halda, Marneuli meriyasında komissiya ayda bir dəfə keçirilir və xəstələr uzun müddət gözləməli olurlar.

“Deməli son müraciətdə xəstənin haqq etdiyi əməliyyat pulunu ödəmirdilər, məni bilən bilir ki, axıra kimi gedirəm. Merin işi-gücü yoxmuş kimi durub zəng etmədiyi idarə qalmayıb ki, Samirənin anasının əməliyyat pulunu verək yoxsa yox”, – deyə o qeyd edib.

Samirə Bayramova paylaşımında merin qardaşı ilə bağlı da ittihamlar səsləndirib və bildirib ki, Marneuli meriyasında həm idarəetmə, həm də vətəndaşlara xidmət sahəsində ciddi problemlər mövcuddur.

“Ümumilikdə isə yaranan mənzərə onu göstərir ki, Marneuli meriyasında həm idarəetmə, həm də vətəndaşlara xidmət sahəsində ciddi institusional problemlər mövcuddur. Problemlərin aradan qaldırılması üçün şəffaflıq, məsuliyyət və peşəkarlıq prinsiplərinin təmin edilməsi zəruridir”, – deyə hüquq müdafiəçisi əlavə edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər