Üçüncü Şio: Müasir çağırışlarla dolu dünyada pravoslav kilsəsinin mühüm missiyası var
Bütün Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu və Biçvinta ilə Suxumi-Abxaziya mitropoliti Üçüncü Şio bildirib ki, müasir çağırışlarla dolu dünyada pravoslav kilsəsinin çox mühüm missiyası var.
InterPress.ge xəbər verir ki, Üçüncü Şio bu barədə Sameba kafedral məbədində moizəsi zamanı danışıb. Katolikos-Patriarx qeyd edib ki, kilsə mənəvi dəyərlərin əsas istiqamətvericisi və dayağı olmaqla yanaşı, xalqı birləşdirən və cəmiyyətdə xristian dəyərlərini möhkəmləndirən institutdur.
“Hamımız anlamalıyıq ki, ailə yalnız şəxsi məkan deyil, həm də milli kimliyin təməlidir. Məhz ailənin möhkəmliyi güclü və vahid dövlətin formalaşmasını təmin edir”, – deyə Üçüncü Şio bildirib.
Onun sözlərinə görə, gələcək nəslin layiqli şəkildə yetişdirilməsi, ailə müqəddəsliyinin və sevginin qorunması üçün həm kilsə, həm də dövlət birlikdə çalışmalıdır.
Üçüncü Şio çıxışında Gürcüstandan kənarda yaşayan soydaşları da xatırlayıb və xaricdə fəaliyyət göstərən pravoslav kilsələrinin nümayəndələrinə təşəkkür edib.
“Ailə haqqında danışarkən, mütləq Gürcüstan hüdudlarından kənarda yaşayan mənəvi övladlarımızı da xatırlamalıyıq. Əziz qonaqlar, yerli pravoslav kilsələrinin nümayəndələri, soydaşlarımıza göstərdiyiniz qayğıya görə sizə təşəkkür edirəm. Xaricdə yaşayan gürcülərin sizin məbədlərinizdə tapdığı mənəvi təsəlli və vətəndən uzaqda olmağın yaratdığı ağır mənəvi ağrının yüngülləşdirilməsi çox önəmlidir”, – deyə o vurğulayıb.
Qeyd edək ki, bu gün Gürcüstanda Ailə Müqəddəsliyi və Valideynlərə Hörmət Günü qeyd olunur.


