Ceyhun Məhəmmədəli digər millətlərlə bağlı Patriarxın çıxışına münasibət bildirib: Özümü bu ölkədə ikinci dərəcəli hiss etdim
Jurnalist Ceyhun Məhəmmədəli Patriarx Üçüncü Şionun demoqrafiya və ailə dəyərləri ilə bağlı çıxışına münasibət bildirib.
InterPress.ge xəbər verir ki, Ceyhun Məhəmmədəli bununla bağlı sosial şəbəkədə paylaşım edib. O qeyd edib ki, Patriarxın çıxışından sonra özünü ölkədə ikinci dərəcəli vətəndaş kimi hiss edib və belə yanaşmaların birlik yaratmağa xidmət etmədiyini düşünür.
“Patriarxın bugünkü çıxışından sonra mən bir daha özümü bu ölkədə ikinci dərəcəli hiss etdim və düşündüm ki, deməli, bu ölkə üçün təhlükəyəm, başqa xalqlar kateqoriyasına aidəm və bu ölkə yalnız gürcülərindir.
Çox üzülürəm. Bu həqiqətən cənnət kimi ölkədə biz belə yanaşma ilə birliyə nail ola bilməyəcəyik. Halbuki mən özümü hər zaman azərbaycandilli gürcü kimi qəbul etmişəm”, – deyə jurnalist yazıb.
Ceyhun Məhəmmədəli bildirib ki, Gürcüstanı, onun xristian dəyərlərini, dövlət rəmzlərini və Patriarx İkinci İliyanı hər zaman sevib və ölkənin dərdini də, sevincini də özünə yaxın hesab edib.
“Xristianları və bu ölkəni öz ölkəm kimi sevirəm. Gürcüstanın beş xaçlı bayrağı, himni və xristian dini mənim üçün İslam qədər dəyərlidir. Belə açıqlamalar eşidəndə çox üzülürəm”, – deyə o qeyd edib.
Jurnalistin sözlərinə görə, demoqrafik problemlərin həlli bu cür bəyanatlarla deyil, sevgi, birlik, dinlərə hörmət və iqtisadi problemlərin aradan qaldırılması ilə mümkündür.
“Demoqrafik problemlərin həlli belə açıqlamalarla olmur. Bu, sevgi, birlik, həm öz, həm də başqasının dininə hörmət və ölkədə iqtisadi problemlərin həlli ilə mümkündür. Belə açıqlamalar etnik və dini baxımdan fərqli vətəndaşlar üçün ciddi risklər yaradır”, – deyə Ceyhun Məhəmmədəli vurğulayıb.
O əlavə edib ki, insanlar əsasən iqtisadi problemlər səbəbindən ölkəni tərk edir və ailə qurmaqdan, uşaq böyütməkdən çəkinirlər.
“Əgər dövlət bu problemləri həll etsə, əminəm ki, heç bir xristian gürcü ailəsi bir və ya iki uşaqla kifayətlənməz”, – deyə jurnalist bildirib.
Ceyhun Məhəmmədəli həmçinin qeyd edib ki, Patriarxın çıxışını dinləyənlər arasında çox sayda müsəlman da olub.


