Aqil Mustafayev Patriarxın çıxışına münasibət bildirdi: Gürcüstan burada yaşayan hər kəsin ortaq evidir
“Lelo Güclü Gürcüstan” partiyasının Kvemo Kartli üzrə xüsusi nümayəndəsi və Marneuli bələdiyyə məclisinin deputatı Aqil Mustafayev Patriarx Üçüncü Şionun demoqrafiya və etnik məsələlərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
InterPress.ge xəbər verir ki, Aqil Mustafayev bununla bağlı sosial şəbəkədə paylaşım edib. O qeyd edib ki, yayılan bəyanatı Gürcüstan vətəndaşı kimi narahatlıq və üzüntü ilə oxuyub.
“Mən azərbaycanlı və müsəlman olsam da, Gürcüstan mənim də vətənimdir. Bu torpaqda doğulmuşuq, burada böyümüşük, sevincimizi də, ağrımızı da bu ölkə ilə paylaşmışıq. Övladlarımız burada böyüyür və bu ölkənin gələcəyi bizim də gələcəyimizdir”, – deyə Mustafayev bildirib.
Onun sözlərinə görə, hər hansı xalqın və ya dini icmanın artımını təhlükə kimi təqdim edən fikirlər cəmiyyətdə narahatlıq yaradır.
“Məhz buna görə də hansısa xalqın və ya dini icmanın artımını təhlükə kimi təqdim edən fikirlər məni dərindən sarsıdır. Çünki biz bu ölkədə heç vaxt özümüzü yad hesab etməmişik. Gürcüstanın gücü tarix boyu müxtəlif millətlərin və dinlərin qarşılıqlı hörmət və qardaşlıq şəraitində birgə yaşamasında olub”, – deyə o vurğulayıb.
Deputat qeyd edib ki, azərbaycanlılar, gürcülər, ermənilər, müsəlmanlar və xristianlar bu dövlətin bərabərhüquqlu vətəndaşlarıdır və hamısı ölkənin inkişafı üçün çalışır.
Aqil Mustafayev mərhum Katolikos-Patriarx İkinci İliyanın bütün xalqlara münasibətdə birləşdirici mövqe sərgilədiyini də xatırladıb.
“İkinci İliyanın insanlar arasında böyük hörmət qazanmasının əsas səbəblərindən biri də məhz bu idi. O, insanlara milliyyətinə və dininə görə yox, bu dövlətin bir parçası kimi yanaşırdı. Azərbaycanlı icması da onu buna görə sevirdi və böyük hörmət bəsləyirdi”, – deyə Mustafayev bildirib.
Onun sözlərinə görə, bu gün fərqli yanaşmaların hiss olunması insanlarda narahatlıq yaradır və heç kim öz vətənində ikinci dərəcəli insan kimi hiss etmək istəmir.
“Gürcüstanın gələcəyi xalqları bir-birindən uzaqlaşdırmaqda deyil, əsrlərlə formalaşmış birgəyaşayış ənənəsini qorumaqdadır. Biz bir-birimizdən qorxmamalı, əksinə çətin gündə bir-birimizə dayaq olmalıyıq”, – deyə o qeyd edib.
Aqil Mustafayev əlavə edib ki, Gürcüstanın gücü müxtəliflikdən qorxmaqda deyil, həmin müxtəlifliyi ədalət, hörmət və bərabərlik prinsipləri əsasında birləşdirməkdədir.
“Mən Gürcüstan vətəndaşı olaraq istəyirəm ki, bu ölkədə yaşayan hər kəs – istər gürcü, istər azərbaycanlı, istər xristian, istər müsəlman – özünü bu dövlətin tamhüquqlu, dəyərli və doğma vətəndaşı hiss etsin. Çünki Gürcüstan hər birimizin vətənidir”, – deyə Aqil Mustafayev bildirib.


