Marneulidə tortdan zəhərlənmə olub – vətəndaş Qida Agentliyinə müraciət edir
Vətəndaş Nərmin Saparova Marneuli bələdiyyəsində fəaliyyət göstərən “Oven” obyektinin yoxlanılması tələbi ilə Gürcüstanın Milli Qida Agentliyinə müraciət edib.
InterPress.ge xəbər verir ki, Nərmin Saparova bununla bağlı “Facebook” sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, sözügedən obyektdən alınmış tortu qəbul etdikdən sonra 6 nəfərin, o cümlədən uşaqların səhhətində problemlər yaranıb.
“Vəziyyət o qədər ağırlaşıb ki, 3 nəfər – 2 böyük və 1 uşaq təcili tibbi yardım vasitəsilə “Aversi” klinikasına aparılıb”, – deyə paylaşımda qeyd olunub.
Nərmin Saparovanın sözlərinə görə, tortun qalan hissəsi saxlanılıb və laborator analizə təqdim olunması planlaşdırılır ki, hadisənin mümkün səbəbi müəyyən edilsin.
O, aidiyyəti qurumlardan faktın obyektiv və operativ araşdırılmasını, həmçinin obyektin sanitar və qida təhlükəsizliyi qaydalarının yoxlanılmasını tələb edib.
“Oxşar halların gələcəkdə qarşısının alınması üçün aidiyyəti orqanlardan vaxtında reaksiya gözləyirik”, – deyə paylaşımda vurğulanıb.


