Tbilisi-Bakı sərnişin qatarı 6 ildən sonra yenidən fəaliyyətə başlayır
6 illik fasilədən sonra Tbilisi ilə Bakı arasında gündəlik sərnişin dəmir yolu əlaqəsi mayın 26-dan bərpa olunacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Administrasiyası məlumat yayıb. Bildirilib ki, Baş nazir İrakli Kobaxidzenin Bakıya səfəri çərçivəsində Azərbaycan tərəfi ilə ikitərəfli koordinasiya şurasının protokolu imzalanıb. Həmin sənədə əsasən, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yeni dəmir yolu hissəsi tam istismara veriləcək.
Məlumata görə, sənədi Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar.
Tərəflər iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin müsbət inkişaf dinamikasını və hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının rolunu da vurğulayıblar. Gürcüstan tərəfi komissiyanın növbəti iclasına yaxın vaxtlarda ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib.
Görüş zamanı regional və qlobal geosiyasi çağırışlar da müzakirə olunub və regionun dayanıqlı inkişafı üçün sülhün vacibliyi bir daha qeyd edilib.
Bundan əlavə, Gürcüstan və Azərbaycan arasında enerji və nəqliyyat sahəsində bir sıra mühüm sənədlər imzalanıb. Razılaşmalar çərçivəsində iki ölkə arasında elektrik enerjisinin ötürülməsi və tranziti üzrə 20 illik hökumətlərarası saziş, eləcə də 2003-cü ildə bağlanmış qaz alqı-satqısı müqaviləsinin daha 20 il müddətinə uzadılması nəzərdə tutulur.
Sənədləri Gürcüstan tərəfdən Mariam Kvrivişvili, Azərbaycan tərəfdən isə iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazov imzalayıblar.
İmzalanma mərasimində Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Azərbaycan Prezidenti İlham Əliyev iştirak ediblər.


