18 
May
2026
18:08
157

Gürcü Arzusu media maliyyələşməsi ilə bağlı nəzarətin sərtləşdirilməsini təklif edir

Gürcüstanın Kommunikasiyalar Komissiyası media və video paylaşım platformalarını maliyyələşdirən şəxslərin bank köçürmələri barədə məlumat əldə edə biləcək.

InterPress.ge xəbər verir ki, bununla bağlı dəyişikliklər “Yayım haqqında” qanuna daxil edilir. Qanun layihəsi parlamentə “Gürcü Arzusu” partiyasının deputatları tərəfindən təqdim olunub.

Layihəyə əsasən, Gürcüstan Milli Kommunikasiyalar Komissiyası məhkəmə vasitəsilə bank sirri hesab olunan məlumatları tələb edə biləcək. Söhbət həm media və video paylaşım platformalarının gəlirləri, həm də onları birbaşa və ya dolayı yolla maliyyələşdirən şəxslər barədə məlumatlardan gedir.

Qanun layihəsinə görə, Komissiya “Yayım haqqında” qanunla müəyyən edilmiş qadağaları pozaraq media qurumlarını maliyyələşdirən şəxslərin köçürmələri barədə məlumat almaq səlahiyyətinə sahib olacaq.

Bundan əlavə, əgər yayımçı qadağan olunmuş maliyyə vəsaiti qəbul edərsə, Kommunikasiyalar Komissiyası ona qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirləri ilə yanaşı, alınmış vəsaitin dövlət büdcəsinə köçürülməsini də tələb edə biləcək.

Qanun layihəsinin izahat kartında bildirilir ki, bu dəyişikliklərin məqsədi yayımçıları və cəmiyyəti müxtəlif qrupların təsirindən qorumaqdır.

“Bu legitim və yüksək ictimai marağın qorunması üçün əlavə effektiv mexanizmlərin yaradılması vacibdir. Bu mexanizm icraedici orqana banklardan həm media xidmətlərinin gəlirləri, həm də onları birbaşa və ya dolayı maliyyələşdirən şəxslər barədə məlumat almağa imkan verəcək”, – deyə sənəddə qeyd olunub.

Məlumat üçün bildirək ki, Gürcüstan parlamenti ötən il yayım şirkətlərinə xarici mənbələrdən birbaşa və ya dolayı şəkildə maliyyə qəbul etməyi qadağan edən qanunu qəbul etmişdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər