19 
May
2026
20:38
151

Rumıniyada QHT-lərin donorlarının açıqlanmasını nəzərdə tutan qanun layihəsi dəstəklənib

Rumıniya Senatının Hüquq Komissiyası “Alliance for the Union of Romanians (AUR)” partiyasının təşəbbüsü ilə hazırlanmış qanun layihəsinə müsbət rəy verib. Layihəyə əsasən, assosiasiyalar və fondlar bütün donorlarının kimliyini açıqlamağa borclu olacaq.

InterPress.ge xəbər verir ki, RFI Românianın məlumatına görə, qanun layihəsini 76 qanunverici dəstəkləyib, 32 nəfər isə əleyhinə səs verib. Layihə yekun qərarın veriləcəyi Rumıniya Deputatlar Palatasına təqdim olunacaq.

Qanun layihəsinə əsasən, qeyri-hökumət təşkilatları hər il Rumıniya Vergi Administrasiyası (ANAF)na əvvəlki ilin bütün gəlirləri və maliyyə mənbələri barədə bəyannamə təqdim etməlidir. Buraya mənşəyindən asılı olmayaraq bütün maliyyə mənbələri və 5 min leydən artıq məbləğdə ianə edən fiziki şəxslərin identifikasiya məlumatları da daxil olacaq.

Layihəyə görə, bu bəyannamələrin təqdim edilməməsi təşkilatın fəaliyyətinin avtomatik dayandırılmasına səbəb olacaq. Uyğunsuzluq bir ildən çox davam edərsə, assosiasiya və ya fondun fəaliyyəti tam ləğv ediləcək.

G4Media yazır ki, Senatın plenar iclasında AUR, SOS və PACE partiyalarının nümayəndələri layihənin lehinə çıxış edərək şəffaflıq prinsipinin vətəndaş cəmiyyətinə də aid edilməli olduğunu bildiriblər. Onlar QHT fəaliyyətində şəffaflığı tələb edən Avropa hesabatına istinad etsələr də, konkret sənədin adını açıqlamayıblar.

Yerli medianın məlumatına görə, 400-dən çox QHT qanun layihəsinə etiraz edib. Onlar hesab edirlər ki, donorların kimliyinin ictimaiyyətə açıqlanması azad birləşmək hüququnu məhdudlaşdırır.

QHT nümayəndələri bildirirlər ki, dövlət artıq onların maliyyə məlumatlarına çıxış imkanına malikdir və donor məlumatlarının ictimai şəkildə açıqlanması təşkilatları cəmiyyətdə şübhə obyektinə çevirə bilər.

Bizimlə əlaqə saxlayın