Gürcüstanda məktəblərin qismən bərpasına əlavə 80 milyon lari ayrılır
Gürcüstanda ümumtəhsil müəssisələrinin qismən reabilitasiyası məqsədilə regionlarda həyata keçiriləcək layihələr fondundan əlavə 80 milyon lari ayrılacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin Baş naziri İrakli Kobaxidze tərəfindən imzalanmış sərəncamında qeyd olunub. Sənədə əsasən, Maliyyə Nazirliyinə Regionlarda Həyata Keçiriləcək Layihələr Fondunun 80 milyon lari artırılması tapşırılıb.
Eyni zamanda, “Dövlət məktəblərinin tikintisi-reabilitasiyası” altproqramı üzrə ayrılmış vəsaitlərin azaldılması nəzərdə tutulur.
Sənəddə bildirilir ki, Gürcüstan Regional İnkişaf Nazirliyi bələdiyyələr tərəfindən ümumtəhsil müəssisələrinin qismən bərpasının təmin olunması məqsədilə əlavə 80 milyon lari ayrılması məsələsini gündəmə gətirib.
Qərara əsasən, Maliyyə Nazirliyi “Gürcüstanın 2026-cı il dövlət büdcəsi haqqında” qanun çərçivəsində Regionlarda Həyata Keçiriləcək Layihələr Fondunu 80 milyon lari artıracaq. Bunun müqabilində Gürcüstan İnfrastruktur Nazirliyinin “Dövlət məktəblərinin tikintisi-reabilitasiyası” altproqramı üzrə maliyyə azaldılacaq.
Bundan əlavə, həmin fond hesabına Regional İnkişaf Nazirliyinə bələdiyyələrin ümumtəhsil müəssisələrinin qismən reabilitasiyasını həyata keçirməsi üçün 80 milyon lari ayrılacaq.


