Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ
Bakı-Tbilisi-Bakı dəmiryolu marşrutu üzrə birtərəfli biletin qiyməti 81 manatdan (təxminən 129 lari) başlayacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb. Məlumata əsasən, Bakı-Tbilisi istiqaməti üzrə sərnişin daşımalarına mayın 26-dan start veriləcək.
Marşrut üzrə biletlərin qiymətləri aşağıdakı kimi müəyyən edilib:
Bakı – Tbilisi — 81 AZN-dən (təxminən 129 lari),
Yevlax – Tbilisi — 67 AZN-dən (təxminən 107 lari),
Gəncə – Tbilisi — 62 AZN-dən (təxminən 99 lari),
Ağstafa – Tbilisi — 57 AZN-dən (təxminən 91 lari),
Böyük Kəsik – Qardabani — 51 AZN-dən (təxminən 82 lari) başlayır.
Şirkətdən bildirilib ki, sərnişinlər Bakıdan Tbilisiyə daha rahat, təhlükəsiz və komfortlu şəkildə səyahət edə biləcəklər.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin Daşımaları Departamentinin rəisi Azər Fərəcov APA-ya müsahibəsində qatarların texniki və xidmət imkanları barədə danışıb.
Onun sözlərinə görə, hər kupedə şəxsi əşyalar üçün kart sistemi ilə işləyən seyf, elektrik yuvaları, internet bağlantısı, dörd dildə məzmun təqdim edən TV monitoru, pult və qulaqlıq yerləri mövcuddur.
Bundan əlavə, sərnişinlərə təmiz yataq dəsti, səfər paketi, duş kabinəsi, multimedia və internet xidmətləri də təqdim olunacaq.


