Papuaşvili: Brüssel üçün dinc aksiyaların dəyənəklərlə dağıdılması və insanlara itlərin hücum etdirilməsi qəbulolunandır
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Brüssel və bəzi Avropa paytaxtları üçün dinc aksiyaların dəyənəklərlə dağıdılması və insanlara itlərin hüum etdirilməsi qəbuledilən sayılır.
InterPress.ge xəbər verir ki, Şalva Papuaşvili bu barədə jurnalistlərə açıqlamasında Danimarkada keçirilən aksiyanın dağıdılmasını şərh edərkən danışıb. Onun sözlərinə görə, Danimarka hakimiyyəti aksiya zamanı baş verən zorakılığı araşdırmalıdır.
“Bu zorakılığa reaksiya vermək əvəzinə, Danimarka hakimiyyətindən kinayəli açıqlamalar eşidirik ki, guya dialoq alınmadığı üçün insanlara itlər hücum etdirilməli və onlar dəyənəklərlə döyülməli idi”, – deyə Papuaşvili bildirib.
Parlament sədri qeyd edib ki, aksiya zamanı zorakılıqda iştirak edən bütün şəxslər məsuliyyətə cəlb edilməlidir.
Papuaşvili çıxışında Danimarkanın keçmişdə Qrenlandiyanın yerli əhalisinə qarşı tətbiq etdiyi sterilizasiya siyasətinə də toxunub.
Onun sözlərinə görə, 1990-cı illərə qədər Danimarkada Qrenlandiyanın yerli əhalisinin zorla və aldadılaraq sterilizasiya olunması sistemli praktika idi.
“Qadın əhalisinin yarıdan çoxu, o cümlədən azyaşlılar, hətta 12 yaşlı qızlar aldadılaraq sterilizasiya olunub. Bu iş bu günə qədər araşdırılmayıb və həmin prosesdə iştirak edən həkimlər hələ də tibbi fəaliyyətlərini davam etdirirlər”, – deyə Papuaşvili bildirib.
O vurğulayıb ki, bu praktika soyqırımı ilə eyniləşdirilir və Avropa İttifaqına üzv ölkənin belə əməllərinin uzun illər gizlədilməsi və günahkarların cəzalandırılmaması “qəzəbləndirici haldır”.
Şalva Papuaşvili Gürcüstan müxalifətinin Danimarkadakı aksiyanın dağıdılması ilə bağlı açıqlamalarını da tənqid edib.
“Radikal müxalifətdən belə açıqlamalar eşitdik ki, bəli, orada zorakılıq olub, amma əvəzində Danimarka zəngin ölkədir. Onların düşüncəsində Avropa dəyərləri budur – əgər ölkə zəngindirsə, yüksək pensiyalar varsa, deməli dinc insanlara qarşı zorakılıq etmək olar”, – deyə Papuaşvili qeyd edib.


