Gürcüstanda təhqir və ləyaqəti alçaldan açıqlamalara nəzarət gücləndirilir
Gürcüstanda ictimai məkanda yayılan təhqiredici və insan ləyaqətini alçaldan bəyanatların monitorinqi və onlara hüquqi reaksiya verilməsi Daxili İşlər Nazirliyinin İnsan Hüquqlarının Müdafiəsi Departamentinə həvalə olunub.
InterPress.ge xəbər verir ki, bununla bağlı qərarı Gürcüstan hökuməti qəbul edib. Dəyişiklik Daxili İşlər Nazirliyinin əsasnaməsində əks olunub.
Yeni qərara əsasən, İnsan Hüquqlarının Müdafiəsi Departamentinin səlahiyyətləri genişləndirilib və quruma “inzibati xəta əlamətləri daşıyan, insan ləyaqətini alçaldan və təhqiredici ictimai bəyanatların monitorinqi və proaktiv aşkarlanması” tapşırılıb.
Qurum Gürcüstan qanunvericiliyinə uyğun şəkildə həmin hallara hüquqi reaksiya verməli olacaq.
Bundan əlavə, departamentin vəzifələrinə ictimai şəkildə zorakılığa və ya nifrətə çağırış əlamətləri daşıyan faktlara operativ reaksiya verilməsi və istintaqın effektivliyinin təmin olunması da daxil edilib.
Müvafiq qərarı Gürcüstanın Baş naziri İrakli Kobaxidze imzalayıb.
Qərar 2026-cı il iyunun 1-dən qüvvəyə minəcək.


