Marketə silahlı basqın – kassiri ölümlə hədələyib pul oğurlayan şəxs saxlanıldı
Tbilisidə yerləşən marketlərdən birinə daxil olaraq kassiri soyuq silahla hədələyən və kassadakı pulu aparan şəxs saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, quldurluq ittihamı ilə saxlanılan şəxs əvvəllər dəfələrlə məhkum olunub.
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları təqsirləndirilən şəxsi “isti izlərlə” saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Tbilisidə fəaliyyət göstərən şəbəkə marketlərindən birinin filialına daxil olub, soyuq silah nümayiş etdirərək kassir-operatoru ölümlə hədələyib və zor tətbiq etməklə kassadakı pulu ələ keçirərək hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları aparılmış istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsi qısa müddətdə saxlayıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsinin 4-cü hissəsi ilə istintaq aparılır. Həmin maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


