23 
May
2026
11:16
240

Gürcüstan, Azərbaycan, Türkiyə və Bolqarıstan "yaşıl enerji" layihəsi üzrə ortaq şirkət yaradır

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili İstanbul səfəri çərçivəsində Türkiyə, Azərbaycan və Bolqarıstan nümayəndələri ilə dördtərəfli görüş keçirib. Görüşdə regional əhəmiyyətli layihələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

InterPress.ge xəbər verir ki,bu barədə məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidməti yayıb.

Görüşdə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Bolqarıstanın energetika nazirinin müavini Kiril Temelkov iştirak ediblər.

Mariam Kvrivişvili tərəfdaş ölkələrə regional təşəbbüsün inkişafına göstərdikləri dəstəyə görə təşəkkür edib və Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlər toplantısı çərçivəsində imzalanmış memorandumun əhəmiyyətini vurğulayıb.

Görüşdə qeyd olunub ki, regional enerji təhlükəsizliyi, diversifikasiya və davamlı inkişaf yalnız sıx koordinasiya və birgə praktiki fəaliyyət nəticəsində mümkündür.

Bu kontekstdə “yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti” təşəbbüsünün regionun enerji resurslarını və bərpaolunan enerji potensialını Avropa bazarları ilə birləşdirəcək mühüm platformaya çevrilə biləcəyi bildirilib.

Müzakirələr zamanı layihə çərçivəsində dörd ölkənin elektrik ötürücü sistem operatorları (TSO) tərəfindən birgə şirkətin yaradılması qərara alınıb. Şirkət texniki-iqtisadi əsaslandırmanı maliyyələşdirəcək və gələcəkdə layihənin idarə edilməsini həyata keçirəcək.

Hazırda texniki-iqtisadi araşdırmanın texniki tapşırıq layihəsinin hazırlandığı və bir neçə ay ərzində tamamlanmasının planlaşdırıldığı bildirilib.

Layihə Azərbaycandan və Gürcüstandan elektrik enerjisinin Türkiyənin enerji şəbəkəsi vasitəsilə Türkiyə və Bolqarıstana, daha sonra isə Avropanın digər bazarlarına ötürülməsini nəzərdə tutur.

Qeyd olunub ki, təşəbbüsün əsası 2024-cü il noyabrın 22-də İstanbul Enerji Forumunda qoyulub. 2025-ci il aprelin 4-də isə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci nazirlər toplantısında dörd ölkənin nazirlikləri arasında əməkdaşlıq memorandumu rəsmi şəkildə imzalanıb.

Bundan əlavə, Mariam Kvrivişvili Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə energetika sahəsində əməkdaşlıq məsələlərini də müzakirə edib.

Tərəflər enerji, ticarət və investisiya istiqamətlərində iki ölkə arasında mövcud sıx əməkdaşlığı müsbət qiymətləndiriblər. Bildirilib ki, Gürcüstan və Türkiyə strateji tərəfdaşdır və bu əməkdaşlıq elektrik enerjisinin idxalı, ixracı və tranziti sahəsində uğurla davam edir.

Mariam Kvrivişvili Türkiyənin enerji sahəsində etibarlı tərəfdaş olduğunu vurğulayıb və Gürcüstanın artıq enerji istehsalı olduğu halda elektrik enerjisinin Türkiyə bazarına ixracında maraqlı olduğunu qeyd edib.

Nazir həmçinin Gürcüstanda energetika sahəsinin inkişafı üzrə 10 illik strategiyanı təqdim edib. Strategiyaya əsasən, 2036-cı ilə qədər ölkənin enerji baxımından tam özünü təmin edən dövlətə çevrilməsi və ümumi quraşdırılmış gücün 11 500 MVt-a çatdırılması planlaşdırılır.

Sənəddə yarımstansiyalar və ötürücü xətlərin tikintisi və modernləşdirilməsi daxil olmaqla enerji infrastrukturunun inkişafı da nəzərdə tutulur.

Görüş zamanı Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan elektrik kabeli layihəsinin strateji əhəmiyyətinə xüsusi diqqət yetirilib. Tərəflər qeyd ediblər ki, bu iri layihə Gürcüstanın ixrac potensialını, eləcə də regionun enerji təhlükəsizliyi və bağlantı imkanlarını daha da gücləndirəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər