25 
May
2026
13:34
173

Kobaxidze: 26 may aksiyası keçirilə bilər, problem yalnız texnikanın yerləşdirilməsi ilə bağlıdır

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, ölkədə hər kəsin aksiya keçirmək hüququ var və “Müxalifət Alyansı”na yalnız texniki avadanlıqların yerləşdirilməsi ilə bağlı məhdudiyyət tətbiq olunub.

InterPress.ge xəbər verir ki, İrakli Kobaxidze bu barədə jurnalistlərin 26 may aksiyası zamanı “Müxalifət Alyansı”na konstruksiyaların yerləşdirilməsinə icazə verilməməsi ilə bağlı sualını cavablandırarkən danışıb.

Baş nazir qeyd edib ki, 26 May – Gürcüstanın Müstəqillik Günü münasibətilə paytaxtda rəsmi tədbirlər planlaşdırıldığı üçün texnikanın əraziyə gətirilməsi çətinlik yaradıb.

“Toplaşmaq hər kəsin haqqıdır, bunu dəqiqləşdirək. Söhbət konkret aparat və konstruksiyaların yerləşdirilməsindən gedirdi. Bilirsiniz ki, 26 May münasibətilə müəyyən tədbirlər keçiriləcək və bununla əlaqədar nəqliyyat sxemi dəyişdirilib. Buna görə texnikanın əraziyə çatdırılması problemli idi və təşkilatçılara uyğun cavab verildi”, – deyə Kobaxidze bildirib.

O əlavə edib ki, müxalifətin planlaşdırdığı aksiya hakimiyyət üçün problem deyil.

“Əksinə, məncə yaxşı olacaq, onlar 26 mayda öz aciz simalarını bir daha nümayiş etdirəcəklər”, – deyə Baş nazir qeyd edib.

Məlumat üçün bildirək ki, “Müxalifət Alyansı”nın liderlərindən Nika Qvaramia sosial şəbəkədə yazıb ki, Tbilisi meriyasından sonra Daxili İşlər Nazirliyi də 26 may aksiyası ilə bağlı müraciətə mənfi cavab verib.

Qvaramianın sözlərinə görə, hakimiyyət ölkədə etiraz aksiyalarını faktiki olaraq qadağan edib.

“Bu ölkədə etiraz aksiyası qadağandır, heç bir şişirtmə olmadan qadağandır. ‘Evdə nə istəyirsiniz edin’ yanaşması alınmayacaq. Aksiya Konstitusiyanın tələb etdiyi şəkildə keçiriləcək”, – deyə o “Facebook” paylaşımında bildirib.

Daha əvvəl Nika Qvaramia yazmışdı ki, Tbilisi Meriyası “Müxalifət Alyansı”na 26 may aksiyası zamanı səhnə və digər konstruksiyaların yerləşdirilməsinə icazə verməyib.

Meriyanın göndərdiyi cavabda qeyd olunub ki, Müstəqillik Günü ilə bağlı rəsmi tədbirlər və nəqliyyat sxemində dəyişikliklər səbəbindən parlament yaxınlığında səhnə və digər konstruksiyaların quraşdırılması məqsədəuyğun hesab edilmir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər