Tbilisidə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbir keçirilib - FOTO
Tbilisidə 28 May – Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
InterPress.ge xəbər verir ki, tədbir Azərbaycan və Gürcüstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, deputatlar, hökumət üzvləri, diplomatik korpus nümayəndələri və ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Daha sonra Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, Azərbaycan xalqı tarix boyu müxtəlif çətin sınaqlarla üzləşsə də, müstəqillik arzusu heç vaxt sönməyib. Onun sözlərinə görə, bu gün qüdrətli və qalib Azərbaycan dövləti həmin inamın, mübarizənin və milli iradənin nəticəsidir.
Səfir vurğulayıb ki, Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmaqla fəxr edir. O qeyd edib ki, müasir Azərbaycan və Gürcüstan dövlətçiliyinin yolları məhz Tbilisidə kəsişib və bu, xalqların taleyini birləşdirən mühüm tarixi mirasdır.
Faiq Quliyev çıxışında Gürcüstanın qarşıdan gələn Milli bayramı – Müstəqillik Günü münasibətilə də təbriklərini çatdırıb. O bildirib ki, mayın 18-də Bakıda Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış sənədə əsasən, mayın 25-dən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunur.
Diplomatın sözlərinə görə, dəmir yolu əlaqəsinin açılması ilkin mərhələdə yalnız Gürcüstan istiqamətində həyata keçiriləcək və ilk qatar mayın 25-i saat 23:10-da Bakıdan yola düşərək mayın 26-da səhər saatlarında Tbilisiyə çatacaq. Səfir qeyd edib ki, bu hadisənin məhz Gürcüstanın Müstəqillik Gününə təsadüf etməsi xüsusi rəmzi məna daşıyır və Prezident İlham Əliyevin xüsusi qərarı və göstərişi əsasında həyata keçirilir.
Çıxış zamanı bildirilib ki, Azərbaycan və Gürcüstan müstəqillik yoluna eyni tarixi dövrdə qədəm qoyaraq oxşar sınaqlarla üz-üzə qalıblar. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay sürsə də, həmin dövr bütöv bir əsrə bərabər tarixi və siyasi miras formalaşdırıb.
Faiq Quliyev 1990-cı illərin əvvəllərində Azərbaycanın üzləşdiyi mürəkkəb vəziyyətdən də danışıb. O bildirib ki, xalq nicat yolunu Ulu Öndər Heydər Əliyevdə görüb və onun siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilası olub.
Səfir vurğulayıb ki, bu siyasi kurs hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, Azərbaycan xalqının onilliklər boyu arzuladığı ərazi bütövlüyünün bərpası da məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşıb.
Daha sonra çıxış edən Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
Papuaşvili bildirib ki, Gürcüstan və Azərbaycan arasında münasibətlər hər zaman qarşılıqlı suverenliyə, milli maraqlara hörmət və səmimi dialoq prinsipləri üzərində qurulub.
Onun sözlərinə görə, hər bir ölkənin öz gələcəyini müəyyənləşdirmək, milli kimliyini qorumaq və milli maraqları əsasında qərarlar qəbul etmək hüququ var və Gürcüstan-Azərbaycan münasibətləri bunun ən yaxşı nümunəsidir.
Parlament sədri qeyd edib ki, həqiqi tərəfdaşlıq eynilik üzərində deyil, fərqliliklərə hörmət prinsipi əsasında formalaşır. O vurğulayıb ki, güclü münasibətlər dövlətlərin bir-birini öz tarixi, ənənələri və legitim maraqları olan bərabər tərəfdaş kimi qəbul etdiyi halda yaranır.
Şalva Papuaşvili müstəqilliyin əsas dəyərinin dövlətə qərarları yalnız öz xalqının iradəsinə uyğun şəkildə qəbul etmək imkanı verməsində olduğunu bildirib.
O əlavə edib ki, müasir dünyada qlobal maraqların üstün tutulması və ideoloji eyniliyin zorla qəbul etdirilməsi cəhdləri müşahidə olunur. Papuaşvilinin sözlərinə görə, tarix dəfələrlə göstərib ki, fərqliliklərə məhəl qoyulmaması ciddi problemlərə gətirib çıxarır. O, Sovet İttifaqının xalqların maraqlarını eyniləşdirmək cəhdlərini buna nümunə göstərib.
Parlament sədri çıxışında regionda sülhün əhəmiyyətinə də toxunub. O bildirib ki, Gürcüstan hər zaman Cənubi Qafqazda sülh və rifahın tərəfdarı olub.
Papuaşvilinin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yönəlmiş addımlar göstərir ki, münaqişələrin həlli yalnız iki suveren dövlət arasında birbaşa dialoq və qarşılıqlı hörmət əsasında mümkündür.
“Xarici müdaxilələr adətən münaqişə tərəflərinin deyil, başqa dövlətlərin maraqlarına xidmət edir və sülh yolunda əlavə maneələr yaradır”, – deyə parlament sədri bildirib.
O həmçinin qeyd edib ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana son səfəri zamanı əldə olunan razılaşmalar Orta Dəhlizin tranzit potensialının daha səmərəli istifadəsinə və hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcək.
Şalva Papuaşvili əlavə edib ki, iki ölkə parlamentləri arasında əməkdaşlıq strateji tərəfdaşlığın inkişafında mühüm rol oynayır. Onun sözlərinə görə, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova bir ay əvvəl parlamentlərarası münasibətlərin inkişafına verdiyi xüsusi töhfəyə görə Gürcüstan parlamentinin ilk fəxri medalı ilə təltif olunub.
Tədbirin sonunda Azərbaycanın Əməkdar artisti Təyyar Bayramovun ansamblı, “Ranina” vokal müsabiqəsində “Şən Azərbaycan” mahnısını ifa edən qrupun üzvləri və rəqs kollektivləri geniş konsert proqramı ilə çıxış ediblər.









