27 
May
2026
21:11
97

Milli Bank: Böyük Britaniyanın sanksiya tətbiq etdiyi şirkətlər Milli Bank tərəfindən tənzimlənən subyektlər deyil

Gürcüstan Milli Bankı Böyük Britaniyanın virtual aktivlərlə bağlı üç şirkətə sanksiya tətbiq etməsi ilə əlaqədar açıqlama yayıb.

InterPress.ge xəbər verir ki, Milli Bankın məlumatına görə, sanksiya siyahısında yer alan subyektlər Gürcüstan Milli Bankı tərəfindən tənzimlənən qurumlar hesab olunmur.

“Qeyd olunan şirkətlər qeydiyyatsız fəaliyyət göstərirlər, buna görə də onların heç biri Milli Bankın nəzarətinə tabe deyil”, – deyə açıqlamada bildirilir.

Milli Bankda qeyd ediblər ki, qurum qanunla müəyyən edilmiş mandat çərçivəsində icazəsiz fəaliyyət halları aşkarlandıqda hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir.

“Bu halda da qeydiyyatsız fəaliyyət göstərən subyektlər barədə məlumat əldə edildikdən dərhal sonra Milli Bank qanunvericiliklə müəyyən olunmuş qaydada 2025-ci ilin sentyabrında məlumatı hüquq-mühafizə orqanlarına təqdim edib və müvafiq nəzarət tədbirləri həyata keçirib.

Əlimizdə olan məlumata görə, hazırda istintaq aparılır və bəzi hallarda artıq müvafiq məsuliyyət tədbirləri də tətbiq olunub”, – deyə məlumatda qeyd olunub.

Açıqlamada vurğulanıb ki, Gürcüstan Milli Bankının virtual aktiv xidməti provayderləri üçün hazırladığı tənzimləyici çərçivə FATF standartlarına və beynəlxalq ən yaxşı təcrübəyə uyğundur.

Milli Bankın məlumatına əsasən, bunu Moneyval komitəsinin 2024-cü il qiymətləndirməsi də təsdiqləyib. Qiymətləndirməyə görə, Gürcüstan 15-ci tövsiyə üzrə “largely compliant” statusuna malikdir.

Qeyd olunub ki, eyni qiymətləndirmə Böyük Britaniya və Fransaya da verilib.

Bizimlə əlaqə saxlayın