Marneulidə Gürcüstan və Azərbaycanın Müstəqillik Günlərinə həsr olunmuş tədbir keçirilib - VİDEO
Mayın 28-də Marneulidəki Azərbaycan Evində Gürcüstan və Azərbaycanın Müstəqillik Günlərinə həsr olunmuş tədbir keçirilib.
InterPress.ge xəbər verir ki, tədbir “Yeni Nəslin Liderləri” təşəbbüs qrupu və Azərbaycan Diaspor Gənclərinin əməkdaşlığı ilə təşkil olunub.
Tədbirin aparıcısı Emil Allahverdiyev olub.
Tədbirin açılış hissəsində iştirakçılar qarşısında müstəqillik tarixi, dövlətçilik dəyərləri və gənclərin gələcək məsuliyyəti ilə bağlı çıxışlar səsləndirilib.
Zeynəb Nurməmmədova Gürcüstanın Müstəqillik Günü və bu tarixin ölkənin dövlətçilik tarixindəki əhəmiyyəti barədə danışıb. Türkan Kazımlı Azərbaycanın 28 May – Müstəqillik Günü haqqında çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və bu günün xalq üçün əhəmiyyətindən bəhs edib.
Emil Allahverdiyev isə çıxışında müstəqilliyin qorunması və inkişaf etdirilməsində gənclərin roluna diqqət çəkib. O, gənc nəslin milli dəyərlərin yaşadılması, vətəndaş məsuliyyətinin formalaşdırılması və ölkələr arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Çıxışlarda qeyd olunub ki, müstəqillik xalqların ən böyük dəyərlərindən biridir və bu dəyərin qorunaraq gələcək nəsillərə ötürülməsi hər bir gəncin məsuliyyətidir. Həmçinin Gürcüstan və Azərbaycan arasında formalaşmış dostluq və strateji tərəfdaşlıq münasibətlərinin gələcəkdə daha da möhkəmlənməsində gənclərin fəallığının xüsusi əhəmiyyət daşıdığı bildirilib.
Daha sonra tədbir Gürcüstan və Azərbaycanın tarixi, müstəqillik yolu və iki ölkə arasındakı dostluq münasibətlərinə həsr olunmuş bilik yarışı ilə davam edib.
Təşkilatçıların sözlərinə görə, tədbirin məqsədi Gürcüstan və Azərbaycan arasında dostluq münasibətlərinin gənclər arasında təşviqi, eləcə də müstəqillik ruhunun və milli dəyərlərin yeni nəslə aşılanması olub.







