30 
May
2026
11:14
229

DTX casusluqda ittiham olunan Gürcüstan vətəndaşını saxlayıb

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) casusluq ittihamı ilə bir nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə DTX rəisinin müavini Laşa Mağradze keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, saxlanılan şəxs iki xarici dövlətin xüsusi xidmət orqanları ilə əlaqədə olub.

Mağradze bildirib ki, təqsirləndirilən şəxs qeyri-hökumət təşkilatlarından birinin təsisçisi və rəhbəridir.

“DTX-nin Əks-Kəşfiyyat Departamentinin əməkdaşları tərəfindən casusluq ittihamı ilə Gürcüstan vətəndaşı saxlanılıb. Araşdırma nəticəsində müəyyən edilib ki, o, maddi gəlir əldə etmək və xarici dövlətlərin maraqlarını həyata keçirmək məqsədilə uzun illər ərzində xarici xüsusi xidmət orqanları üçün kəşfiyyat xarakterli məlumatları sistemli şəkildə toplayaraq ötürüb”, – deyə Mağradze qeyd edib.

Onun sözlərinə görə, saxlanılan şəxs xarici xüsusi xidmət orqanlarının nümayəndələri ilə yüksək səviyyədə təşkil olunmuş məxfi əlaqələr saxlayıb. Məlumatların ötürülməsi həm birbaşa görüşlər, həm də elektron vasitələrlə həyata keçirilib.

DTX rəisinin müavini bildirib ki, konspirasiyanın qorunması və təlimatlandırma məqsədilə görüşlər vaxtaşırı ölkə hüdudlarından kənarda keçirilib.

İstintaqın məlumatına görə, şübhəli şəxs xarici xüsusi xidmət orqanlarının tapşırığı və maliyyələşdirməsi ilə informasiya platformaları yaradıb, həmçinin ölkə miqyasında müxtəlif tədbirlərin təşkilini həyata keçirib.

Mağradze vurğulayıb ki, təqsirləndirilən şəxs eyni vaxtda iki xarici dövlətin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib və paralel kəşfiyyat fəaliyyəti göstərib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 314-cü maddəsinin birinci hissəsi ilə istintaq aparılır. Həmin maddə 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər