31 
May
2026
19:35
88

Marneulidə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri və rəsm sərgisi keçirilib - FOTO

Azərbaycan Evinin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri və tanınmış rəssam Xəyalə Mustafayevanın "Körpə Qalan Ruhum" adlı rəsm sərgisi keçirilib.

InterPress.ge xəbər verir ki, tədbirdə bölgənin ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər və uşaq bağçalarının balaca fidanları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov qonaqları salamlayaraq Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətindən danışıb. O, GAİM-in rəsm və təsviri incəsənət müəllimi Xəyalə Mustafayevanın peşəkar yaradıcılığını yüksək qiymətləndirərək sərgidə nümayiş olunan əsərlərin bədii və mənəvi dəyərindən bəhs edib.

Məhəbbət İmanov bildirib ki, bu cür tədbirlər uşaqların yaradıcılıq potensialının inkişafına, milli-mədəni dəyərlərin təbliğinə və gənc nəslin incəsənətə marağının artırılmasına mühüm töhfə verir.

Daha sonra çıxış edən tanınmış rəssam Xəyalə Mustafayeva sərgidə nümayiş olunan əsərlər haqqında məlumat verərək bildirib ki, bu sərgini digər sərgilərdən fərqləndirən əsas xüsusiyyət onun uşaqlara həsr olunmasıdır. O, uşaqların yaradıcılıq fəaliyyətinə göstərilən diqqətin vacibliyini xüsusi vurğulayıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndəsi Ramiz Bəkirov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusibov, Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin müəlliməsi Sevda Şahverdiyeva, Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının sədri Səadət Zeynalqızı, Gürcüstan Azərbaycanlılarının Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, gürcü dili və ədəbiyyatı müəlliməsi Lia Xaraişvili və digər natiqlər uşaqların hərtərəfli inkişafında təhsil, mədəniyyət və incəsənətin mühüm rolundan danışıblar.

Tədbir çərçivəsində GAİM-in nəzdində Cəmilə Məmmədovanın bədii rəhbərliyi ilə fəaliyyət göstərən Sarvan Folklor Ansamblının rəqqasları Gürcü və azərbaycan milli rəqslərini təqdim ediblər. Rəngarəng çıxışlar iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Bayram proqramı çərçivəsində uşaqlar üçün müxtəlif rəsm müsabiqələri və əyləncəli proqramlar təşkil olunub. Balacalar gün ərzində həm yaradıcılıq fəaliyyətlərində iştirak edib, həm də maraqlı oyunlar və əyləncələrlə xoş vaxt keçiriblər.

Gürcü dili müəlliməsi Anna Allahverdovanın rəhbərliyi altında musiqi nömrələri təqdim olunub.

Tədbirin sonunda qonaqlar Xəyalə Mustafayevanın rəsm sərgisi ilə tanış olub, müəllifin əsərlərini yüksək qiymətləndiriblər.

Sonda uşaqlara hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkdirilib və tədbir xoş ovqatla başa çatıb.

Bizimlə əlaqə saxlayın