Anzor Meliya Mixeil Saakaşvilini tənqid edib: Dayansın, özünü biabır etməsin
Müxalif siyasətçi Nika Meliyanın atası, həkim Anzor Meliya Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin son açıqlamalarını sərt tənqid edib.
InterPress.ge xəbər verir ki, Anzor Meliya “Prime Time”a müsahibəsində Saakaşviliyə “ata məsləhəti” verdiyini bildirərək, onun bu cür bəyanatlara son qoymasının vacibliyini vurğulayıb.
“Bir ata kimi məsləhət görərdim ki, dayansın, özünü biabır etməsin. Onu yalnız tərəfdarları yox, bütün Gürcüstan dinləyir. Keçmiş prezidentdir, hər dəfə çıxıb yeni-yeni açıqlamalar verir. Açığı, mən onun yerinə utanıram”, – deyə Anzor Meliya bildirib.
Onun sözlərinə görə, Nika Meliya da daxil olmaqla bir çox insan Saakaşviliyə Gürcüstana qayıtmamağı tövsiyə edib.
“Bir ildir Nika həbsdədir və ilk dəfədir cavab verdi. O, artıq anlamalıdır ki, yenidən prezident olmayacaq. Çox yaxşı gənclər yetişir və onun əvvəlki nüfuzu qalmayıb. Mən həkiməm, çox insanla ünsiyyətdə oluram və onların fikirlərini eşidirəm. İnsan həbsdə olan biri haqqında belə danışmamalıdır”, – deyə o qeyd edib.
Anzor Meliya əlavə edib ki, Saakaşviliyə deyilən xəbərdarlıqlara baxmayaraq, o, Gürcüstana qayıdıb və sonradan baş verənlərə görə başqalarını günahlandırır.
“Nika bataqlığa düşübsə, bəs sən nəyə düşmüsən? Hamı sənə deyirdi ki, gəlmə. İndi isə əsəbiləşib və hamıdan acıq çıxır. Bu hərəkətlərinə görə utanmalıdır”, – deyə Meliya bildirib.
O, həmçinin vurğulayıb ki, Nika Meliya Saakaşviliyə xəyanət etməyib, əksinə, onun fikrincə, xəyanət edən məhz Saakaşvili olub.
“Nikanı rahat buraxsın. O, həbsdə ləyaqətlə oturur. Nika ona yox, o Nikaya xəyanət edib. Nikanın Bidzina İvanişvili ilə gizli razılaşmada olması barədə deyilənlər isə tamamilə ağlasığmazdır”, – deyə Anzor Meliya bildirib.


