Bolnisidə baş verən qətl ilə bağlı yeni təfərrüatlar məlum oldu
Bolnisi bələdiyyəsində baş verən dəhşətli ailə faciəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
InterPress.ge xəbər verir ki, mövcud məlumata görə, 42 yaşlı qadın azyaşlı oğluna qayçı ilə ürək nahiyəsindən xəsarət yetirib. Hadisə zamanı evdə digər azyaşlı uşaqların da olduğu bildirilir.
Yerli sakinlərin sözlərinə görə, qadın mətbəxdən götürdüyü qayçı ilə 8 yaşlı Fəruxun sinə nahiyəsinə zərbə endirib.
“Gecə eşitdik ki, qonşumuz Svetlana oğlunu qayçı ilə öldürüb. Evdə mərhum uşaqdan başqa digər azyaşlı övladları da olub. Bildiyimə görə, uşaqların gözü qarşısında mətbəxdən qayçı götürərək Fəruxun ürəyinə vurub”, – deyə yerli sakinlərdən biri bildirib.
Digər sakin isə qadının psixi problemləri olduğu barədə məlumatların yayıldığını qeyd edib.
“Deyirlər ki, psixi problemləri var idi, amma mən şəxsən belə bir şey hiss etməmişdim. Uşaq çox yaxşı idi. Niyə öldürdüyünü bilmirəm. Bizə dedilər ki, uşağın ürəyinə qayçı vurub, sonra isə qadın intihara cəhd edərək özünə bir neçə bıçaq xəsarəti yetirib”, – deyə sakin bildirib.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, qadın saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə yetkinlik yaşına çatmayan şəxsin ağırlaşdırıcı hallarda qəsdən öldürülməsini nəzərdə tutur.
Yayılan məlumatlara əsasən, saxlanılan qadının psixi problemləri olub. Hadisənin bütün detalları araşdırılır.


