02 
Iyn
2026
11:09
109

Moldova Aİ-yə üzvlük prosesi dayanarsa, Rumıniya ilə birləşmə variantını nəzərdən keçirə bilər

Moldova Avropa İttifaqına üzvlük prosesinin ləngiməsi və ya uğursuzluğa düçar olması halında Rumıniya ilə birləşmə imkanını alternativ variant kimi qiymətləndirə bilər.

InterPress.ge xəbər verir ki, bu barədə Moldovanın baş nazirinin müavini Yevgen Osmoçesku “Euractiv” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Moldovanın əsas məqsədi Avropa İttifaqına üzv olmaqdır və hökumət üzvlük sazişinin 2028-ci ilin sonunadək imzalanacağına ümid edir. Lakin bu proses dayanarsa, alternativ yollar nəzərdən keçiriləcək.

“Bu, B planıdır”, – deyə Osmoçesku vurğulayıb.

Baş nazirin müavini qeyd edib ki, Moldova üçün Avropa İttifaqından aydın siyasi siqnallar almaq xüsusilə vacibdir. O bildirib ki, ölkə hazırda Rusiyanın hibrid təzyiqləri ilə üzləşir və Aİ-nin genişlənmə siyasəti namizəd ölkələrin nailiyyətlərinə əsaslanmalıdır.

Osmoçesku həmçinin Moldovanın Ukrayna ilə müqayisədə daha zəif hərbi imkanlara malik olduğunu bildirib.

“Biz ukraynalılar qədər dayanıqlı deyilik. Ölkəmizin inkişaf etmiş hərbi sənayesi və Ukrayna ordusu ilə müqayisə oluna biləcək silahlı qüvvələri yoxdur”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Avropa İttifaqı ilə danışıqların ilk mərhələsinin açılması həm ölkə əhalisi, həm də Avropaya inteqrasiya prosesi üçün mühüm siyasi siqnal olacaq.

“Əgər iyunda danışıqlar başlasa, bu, çox aydın mesaj olacaq. Məhz buna nail olmağa çalışırıq”, – deyə Osmoçesku bildirib.

Baş nazirin müavini Avropa İttifaqı ilə mərhələli inteqrasiya ideyasını, o cümlədən “assosiativ üzv” statusunun müzakirəsini də dəstəklədiyini qeyd edib.

Rumıniya ilə mümkün birləşmə məsələsinə toxunan Osmoçesku vurğulayıb ki, Moldova və Rumıniya xalqları arasında sıx mədəni, dil və ailə bağları mövcuddur.

Onun sözlərinə görə, Moldovada birləşmə ideyasını əhalinin təxminən 40 faizi dəstəkləyir. Rumıniyada isə bu göstərici təxminən 70 faizə çatır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər