Tbilisidə üç nəfərin yaralanması ilə nəticələnən silahlı insidentlə bağlı 3 nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları ağırlaşdırıcı hallarda iki və ya daha çox şəxsə qarşı qəsdən adam öldürməyə cəhd, qanunsuz silah və döyüş sursatı əldə etmə və gəzdirmə, eləcə də xüsusilə ağır cinayətin gizlədilməsi ittihamı ilə 3 nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslərdən biri əvvəlki münaqişə zəminində odlu silahdan atəş açaraq üç nəfərə bədənlərinin müxtəlif nahiyələrindən xəsarətlər yetirib və hadisə yerindən qaçıb.
Yaralanan şəxslər tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdiriliblər.
Araşdırma zamanı məlum olub ki, hadisənin şahidi olan şübhəlinin iki dostu baş vermiş xüsusilə ağır cinayəti gizlədib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hər üç təqsirləndirilən şəxsi isti izlərlə saxlayıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-109, 236 və 375-ci maddələri ilə istintaq aparılır. Həmin maddələr 20 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


