Ölümcül qəza: Sükan arxasında olan 14 yaşlı qız saxlanılıb
Kutaisidə baş vermiş ağır yol-nəqliyyat hadisəsi gənc idmançı Qiorqi Xurtsidzenin həyatına son qoyub.
InterPress.ge xəbər verir ki, “Kviris Palitra”nın yaydığı məlumata görə, iyunun 3-də Evdoşvili küçəsində baş vermiş qəza zamanı avtomobildə dörd azyaşlı olub və nəqliyyat vasitəsini 14 yaşlı qız idarə edib.
Yerli sakinlərin sözlərinə görə, azyaşlı qız anasının avtomobilini onun icazəsi olmadan evdən götürüb. Bildirilir ki, hadisə baş verən vaxt anası evdə olmayıb və məclisdə iştirak edib.
“Avtomobildə iki oğlan və iki qız var idi. 14 yaşlı qız anasının maşınını icazəsiz evdən çıxarıb. Uşaqlar qonşu və birlikdə böyüyən dostlar olublar. Həlak olan sevimli Qiomuz pəncərənin üzərində oturubmuş, əks halda xilas ola bilərdi. Bu böyük faciə gecə saat 4 radələrində baş verib. Görünür, qız sükanı idarə edə bilməyib, dayanmış avtomobilə çırpılıb. Qəza zamanı uşaq maşının açıq pəncərəsindən çölə düşüb. Daha sonra avtomobil onun üzərindən keçib. Əgər maşın onun üstündən keçməsəydi, bəlkə də sağ qalardı. Uşaq hadisə yerində dünyasını dəyişdi. Bu ailənin faciəsi məni çox sarsıdır. Onun kiçik bacısı da var. Ailənin bu ağrıya necə dözəcəyini təsəvvür etmək çətindir. Digər uşaqlara heç nə olmayıb. Avtomobildə olan digər qız xəstəxanaya aparılmışdı. Sükan arxasında olan qız isə xəsarət almayıb. Ehtimal olunur ki, sürəti nəzarətdə saxlaya bilməyib. Sükan arxasında olan qız elə həmin gecə saxlanılıb”, – deyə yerli sakin “Kviris Palitra”ya bildirib.
Məlumata görə, 14 yaşlı qız hazırda saxlanılıb və hadisə ilə bağlı araşdırma aparılır.


