Almaniya ilk dəfə BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
Almaniya tarixində ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü yerini qazana bilməyib.
InterPress.ge xəbər verir ki, bu barədə Almaniyanın Deutsche Welle nəşri məlumat yayıb.
Məlumata görə, səsvermənin nəticələri BMT-nin ən böyük donorlarından biri olan Berlin üçün gözlənilməz olub.
BMT Baş Assambleyasının sessiyasında keçirilən gizli səsvermədə qalib gəlmək üçün ölkələrə nümayəndələrin üçdə iki hissəsinin dəstəyi lazım idi. Bu isə 190 səsdən ən azı 127 səs demək idi. Almaniya yalnız 104 səs toplayaraq rəqiblərinə uduzub.
Təhlükəsizlik Şurasındakı yerləri isə 134 səslə Portuqaliya və 131 səslə Avstriya qazanıb. Məhz bu ölkələr 2027–2028-ci illərdə qeyri-daimi üzv qismində fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, Almaniya bundan əvvəl altı dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub və bu, ölkənin ilk belə uğursuzluğu hesab edilir.
Diqqətçəkən məqamlardan biri də odur ki, səsvermədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful iştirak edib. Sessiyaya isə BMT Baş Assambleyasının hazırkı sədri Analena Berbok rəhbərlik edib.


