10 
Iyn
2026
14:48
77

Aqil Mustafayev Qızılhacılıda heyvan sığınacağının tikintisi ilə bağlı qərarın yenidən nəzərdən keçirilməsini istəyib

Marneuli Bələdiyyə Məclisinin üzvü Aqil Mustafayev Qızılhacılı kəndində regional heyvan sığınacağının tikintisi üçün torpaq sahəsinin ayrılması ilə bağlı qəbul edilmiş qərarın yenidən nəzərdən keçirilməsi xahişi ilə Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadzeyə müraciət edib.

InterPress.ge xəbər verir ki, ərizədə Marneuli Bələdiyyə Məclisinin 28 may 2026-cı il tarixli qərarına əsasən layihənin növbəti mərhələdə həyata keçirilməsi üçün müvafiq ərazinin səlahiyyətli quruma verilməsinin nəzərdə tutulduğu bildirilib.

Aqil Mustafayev müraciətində sahibsiz heyvanlara qayğı göstərilməsini, onların mühafizəsini və bu sahədə müasir yanaşmaların tətbiqini tam dəstəklədiyini vurğulayıb. O qeyd edib ki, son illər Marneuli şəhərində və bələdiyyənin kəndlərində sahibsiz itlərin sayının artması əhalinin təhlükəsizliyi baxımından ciddi risk yaradıb və problemin həlli istiqamətində tədbirlərin görülməsi zəruridir.

Bununla yanaşı, deputatın sözlərinə görə, yerli sakinlərin əsas narazılığı heyvan sığınacağının yaradılması ideyasına deyil, onun məhz Qızılhacılı kəndində yerləşdirilməsi ilə bağlıdır.

Ərizədə qeyd olunur ki, sözügedən ərazinin seçilməsi kənd əhalisi arasında ciddi narahatlıq doğurur. Belə ki, sığınacağın yaşayış məntəqəsinə yaxın yerləşdirilməsi ətraf mühitə və sanitariya vəziyyətinə mənfi təsir göstərə, spesifik qoxuların yaranmasına, gigiyenik risklərin artmasına və nəticədə sakinlərin həyat keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər.

Aqil Mustafayev hesab edir ki, iri miqyaslı və ictimai əhəmiyyət daşıyan layihələrin planlaşdırılması zamanı həmin ərazidə yaşayan insanların sosial maraqları və gündəlik yaşayış şəraiti maksimum dərəcədə nəzərə alınmalıdır.

Bu səbəbdən o, layihənin icrasına başlanmazdan əvvəl sığınacaq üçün yaşayış məntəqələrindən uzaqda yerləşən və müvafiq infrastrukturla təmin edilmiş alternativ ərazilərin ciddi şəkildə nəzərdən keçirilməsini təklif edib. Onun fikrincə, belə bir yanaşma həm layihənin səmərəli icrasına şərait yaradacaq, həm də ictimai narazılığın qarşısının alınmasına kömək edəcək.

Müraciətdə Qızılhacılı kəndində heyvan sığınacağının yerləşdirilməsi ilə bağlı qəbul edilmiş qərarın yenidən nəzərdən keçirilməsi və əhalinin yaşayış mühitinə minimum təsir göstərəcək alternativ əraziyə köçürülməsi üçün müvafiq tədbirlərin görülməsi xahiş olunub.

Sonda Aqil Mustafayev ümid etdiyini bildirib ki, yekun qərar qəbul edilərkən həm ictimai maraqlar, həm də yerli əhalinin rifahı nəzərə alınacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər