İrakli Kobaxidze: Hərçinskinin istəyi gerçəkləşsəydi və onlar hakimiyyətə gəlsəydilər, ölkəni 2004-2012-ci illərdən də pis vəziyyətə salardılar
Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Müxalifət Alyansı"nda baş verən qarşıdurmalara münasibət bildirərkən deyib ki, Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinskinin gözləntiləri doğrulsaydı və müxalifət seçkilərdə qalib gəlib hakimiyyətə gəlsəydi, ölkə ağır vəziyyətlə üz-üzə qalardı.
InterPress.ge xəbər verir ki, hökumət başçısının sözlərinə görə, Gürcüstanı 2004-2012-ci illər dövründən daha ağır vəziyyətə sürükləyərdilər.
"İstəyirəm, bir anlıq təsəvvür edəsiniz ki, Herçinskinin ümidləri doğrulsaydı, onlar seçkiləri udsaydılar və onların hökuməti hakimiyyətdə olsaydı, ölkəmiz hansı vəziyyətdə olardı. Allaha şükür ki, Herçinskinin bu arzusu gerçəkləşmədi. Gürcü xalqı Avropa İttifaqının səfirinə inanmadı və bu gün Gürcüstanın belə bir hökuməti yoxdur. Halbuki bunun üçün çox böyük səylər göstərilirdi", – deyə Kobaxidze bildirib.
Baş nazir qeyd edib ki, bu, təkcə seçkiqabağı çağırışlarla məhdudlaşmırdı. Onun sözlərinə görə, seçkilər başa çatdıqdan sonra heç bir səfirlik və ya ölkə Gürcüstanı seçkilərin uğurla keçirilməsi münasibətilə təbrik etməyib.
"Niyə? Çünki onlar məhz bu insanların hakimiyyətə gəlməsini istəyirdilər. Bu gün öz aralarında belə anlaşa bilməyən şəxslər onların baxışına görə hakimiyyətə gəlməli idilər.
Onların ölkəni hansı vəziyyətə gətirəcəyini təsəvvür etmək belə istəmirəm. Ölkəni 2004-2012-ci illərdə etdiklərindən daha pis vəziyyətə salardılar. Herçinskinin və onun həmfikirlərinin hakimiyyətə gətirmək istədiyi insanlar bunlar idi. Allaha şükür ki, Gürcüstanda belə bir hökumət qurulmadı. Belə insanların hökuməti fəlakət olardı. Hətta nəzəri olaraq belə bunu təsəvvür etmək istəmirəm", – deyə o bildirib.
Kobaxidzenin sözlərinə görə, müxalifətin bütün siyasi fəaliyyəti və bioqrafiyası "xəyanət salnaməsi"dir və cəmiyyət bunu çox yaxşı görür.
"Onların bütün tarixi, siyasətçilər kimi bioqrafiyaları 2004-cü ildən bu günə qədər bunun sübutudur. Dövlətə və dövlət institutlarına qarşı fasiləsiz sabotaj gözlərimizin önündə baş verirdi. Son dörd ildə baş verənləri də xatırlayaq – beş inqilab cəhdi oldu, onlardan dördü zorakılıq xarakteri daşıyırdı və bu proseslərin hamısında onların siyasi partiyaları, QHT-ləri və media qurumları iştirak edirdi.
Bu illər ərzində şahidi olduğumuz hadisələr adi bir xəyanət salnaməsi idi. 2022-ci ildə və sonrakı dövrdə onların müharibə ilə bağlı mövqeyini hamımız xatırlayırıq. Dövlətçi mövqe sərgiləməli olduqları bir vaxtda onlar birbaşa dövlətə qarşı çıxırdılar", – deyə Baş nazir bildirib.
Onun sözlərinə görə, müxalifət xarici qüvvələrin sifarişləri əsasında hərəkət edir.
"Onların yeganə himayədarları xarici qüvvələrdir. Həmin qüvvələr onlara tapşırıqlar verir, onlar da bu tapşırıqlara uyğun davranırlar. Bir daha xatırlatmaq istəyirəm ki, 2022-ci ildə və sonrakı dövrdə həm qapalı görüşlərdə, həm də açıq şəkildə bizdən nə tələb olunurdu. Bizdən müharibəyə qoşulmaq, döyüşçü könüllülər göndərmək, sanksiyalar tətbiq etmək tələb edilirdi. Sonradan görürdük ki, müxalifətin addımları da bizə yönələn həmin tələblərin davamına çevrilirdi.
Xarici bədxah qüvvələrlə yerli müxalifət arasında tam uyğunluq və tam koordinasiya var idi. Onların bütün tarixi və bioqrafiyaları vahid bir xəyanət salnaməsidir. Cəmiyyət bunu çox yaxşı görür. Elə buna görə də onların cəmiyyətdə heç bir etimadı yoxdur. Bu, həm seçkilərdə, həm küçədə, həm də hər yerdə özünü göstərir", – deyə İrakli Kobaxidze qeyd edib.


